XƏBƏRLƏR

Dillər Universitetində “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir təşkil olunub

09 aprel, 2019

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramı sayılan "Qingming" - "Təmiz işıq bayramı" həsr olunmuş “Şərq ölkələrinin çay mərasimi” tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixindən danışıb. R.Abbasov Azərbaycanda çayçılığın inkişafından söz açaraq, respublikanın iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində ümummilli lider Heydər Əliyevin təşəbbüslərini xüsusi vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2018-2027-ci illərdə Azərbaycan Respublikasında çay inkişafının inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsini xatırladıb. R.Abbasov Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə keçirilmiş ikinci Beynəlxalq çay festivalında iştirak etməsindən danışaraq, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan çay içmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı Azərbaycan əfsanələri, Azərbaycan çay növlərinin xüsusiyyətləri barədə məlumat verib. Konfutsi İnstitutunun müəllimi Çen Siaocen bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhər kənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib. “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları – Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü toplar və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib. Sonra Konfutsi İnstitutunun əməkdaşları, ADU nəzdində Yapon və Hind mərkəzləri ənənəvi çaydanlar, fincanlar və digər aksessuarlardan istifadə edərək milli çay dəmlənməsi mərasimi keçirib, tədbir iştirakçıları isə müxtəlif növ çayların dadı və aromasından zövq alıblar. ADU nəzdində Xarici dillər kafedrasının müəllimi Ariştə Xudiyeva İngiltərə çay ənənəsi hesab olunan “five o'clock tea” haqqında ətraflı məlumat verib.  Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində  iştirakından, Azərbaycan və Çin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.