XƏBƏRLƏR

Jurnalistlər Cocuq Mərcanlıda ADU tələbələri ilə görüşüblər

05 aprel, 2019

Bir qrup jurnalist Azərbaycan Dillər Universitetinin Cocuq Mərcanlıda pedoqoji təcrübədə olan kollektivinin fəaliyyətini daha geniş ictimaiyyətə çatdırmaq üçün tələbə və müəllimlərdən müsahibə alıblar.

Qonaqların arasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da olub. Onlar təcrübəçi  tələbələrə fəaliyyətləri, layihənin məqsədi, iş prosesində qazanılan uğurlar və çətinliklər haqqında suallar ünvanlayıblar.

Təcrübə rəhbəri Anar Rəhimov müsahibəsində iki aylıq pedaqoji təcrübəni Cocuq Mərcanlıda keçirməyi könüllü seçdiyini, bunun üçün peşman olmadığını deyib. O, bildirib ki, bu günlər onun karyerasının ən unudulmaz səhifələrindən biridir.

Təcrübəçi tələbələrdən Gövhər Həsənli və Aysel Salmanova “Azərbaycan müəllimi” qəzeti və Modern.az saytına müsahibə veriblər. Onlar bu yaddaqalan və faydalı pedaqoji təcrübə üçün yaradılan şəraitə görə layihənin ideya müəllifi, akademik Kamal Abdullaya öz təşəkkürlərini bildiriblər.

Tələbələr deyiblər ki, təcrübələrindən, keçdikləri dərslərdən və yaradılan şəraitdən çox razıdırlar.