ADU-nun magistrantları Milli Kitabxanada olublar

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin təşkilatçılığı ilə magistrantlar Tələbə Bələdçi proyekti üzrə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında olublar.
Onlar ADU-da müəllim kimi fəaliyyət göstərən almaniyalı və avstriyalı müəllimlərə, eyni zamanda təhkim olunduqları Alman dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşlarına, o cümlədən elmi rəhbərlərinə kitabxananı alman dilində müxtəlif istiqamətlərdə təqdim ediblər.
Magistrantlar kitabxananın tarixi, arxitekturası, daxili strukturu, kitab fondu, bölmələri, kitabxanada mövcud olan zallar, muzeylər haqqında danışıb, kitabxanaya üzv olma qaydaları, ənənəvi və elektron kataloqlarla iş, kitab sifarişi prosesini izah edib və əyani şəkildə göstəriblər. Daha sonra oxu zallarının xarici ədəbiyyat şöbəsini, dissertasiya şöbəsini gəzərək ən əsas məlumatları çatdırıblar.
Səfərin əsas məqsədlərindən biri də kitabxanada 31 mart soyqırımına həsr olunmuş sərgiyə baş çəkmək olub. Magistrantlar əcnəbi müəllimlərə soyqırım haqqında ətraflı məlumat verib, sərgidəki kitablardan ən vacib faktları alman dilinə tərcümə ediblər.





