Dil və Tərcümə Xidmətləri Mərkəzinin vacib hədəfləri, uğurlu fəaliyyəti
Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir.
Müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və ləyaqətli vətəndaş yetişdirən Azərbaycan Dillər Universiteti üçün keyfiyyətli təhsil əsas meyardır.
2018 - ci ilin oktyabr ayından universitetin nəzdində fəaliyyətə başlayan Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Mərkəzin önəmli məqsədləri sırasına ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması, eyni zamanda onların dil biliklərinin daha da gücləndirilməsi istiqamətində universitetin digər strukturları ilə birgə onları həyata keçirmək, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini verməkdir.
Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzinin əsas məqsədlərindən biri də müəllimlər üçün təlim-tədris işinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparıcı mərkəzlərdən birinə çevrilməkdir.
Bunun üçün biz, ilk növbədə müəllimlərin ixtisas biliyi və tədris fəaliyyətinin səviyyəsi haqqında məlumatlar əldə edirik, daha sonra isə müəllimlərin bir hissəsinin fənnin məzmunu ilə bağlı biliklərini yeniləməyə, digərlərinin metodiki yönümdən təkmilləşməyə, bəzi müəllimlərin isə hər iki tərəfdən bilik və bacarıqlarını inkişaf etdirməyə ehtiyac duyduğunu nəzərə alıb bu istiqamətdə təlimlər təşkil edirik.
Bildiyimiz kimi, xeyli müddət əvvəl məzun olmuş müəllimlərimiz var. Elm inkişaf edir, informasiyalar artır və yenilənir. Müəllimləri müəyyən dövr ərzində tədris etdiyi fənnə aid yeniliklərlə tanış etmək lazım olduğunu nəzərə alıb müvafiq təlimlər keçirməyimizə lüzum yaranır. Bu gün həmin məlumatlara əsaslanaraq müəllimlərin ehtiyaclarına uyğun təlimlər təşkil edirik.
Mərkəzin əsas hədəflərindən biri də müəllimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimləri Azərbaycana gətirməkdir.
Zamanla bütün müəllimlər təlim kurslarından keçəcək və onların ehtiyaclarına uyğun təlim kurslarında iştirak etməsi üçün hər cür şərait yaradılacaq. Məlumat üçün bildirmək istərdim ki, təlimlər tədris ili boyunca davam edir və müəllimlər kursa qatılmaq vaxtını özləri seçib müraciət edirlər. İndiyə qədər 460-dan çox müəllim bizim təlimlərdə iştirak etmiş və rəsmi olaraq beynəlxalq sertifikatlarla təltif olunmuşlar. Hal-hazırda 120 nəfər müəllimin iştirakı ilə təlim kursları davam edir.
Müəllimlər üçün əsas stimullardan biri də bir çox hallarda Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın sertifikatları müəllimlərə özü təqdim etməsidir.
Təhsilin təlimi fonunda biz eyni zamanda hər hansı bir təhsil müəssisəsinin, təşkilatın ingilis dili bacarıqlarına dair etibarlı və dəqiq nəticələr təqdim edirik. Bununla da, təhsil müəssisələri işçilərinin işə götürülməsi, işçi qüvvəsinin inkişaf etdirilməsi və təlim ehtiyacları ilə əlaqədar daha dolğun qərarlar qəbul edə bilir.
Bu təlimlər həmçinin tələblərə uyğun olaraq bacarıqları qiymətləndirməyə və operativ nəticə əldə etməyə imkan verir.
Təlimlər beynəlxalq səviyyəli olduğu üçün bütün dünya məktəblərində dərs deyən ingilis dili müəllimləri, eyni zamanda digər fənnləri tədris edən məktəb müəllimləri, geniş miqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri, universitet tələbələri və təhsil sahəsində çalışan digər mütəxəssislər iştirak edə bilirlər.
Yekun olaraq bildirmək istərdim ki, ixtisasartırma kursları müəllimlərin təlim ehtiyacları öyrənilməklə təşkil edilir. Yəni, tədris proqramları təklif və tələblər üzərində qurulur.
Elçin Hüseynov ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor müavini