XƏBƏRLƏR

Cocuq Mərcanlıda “Bizim universiteti yaxından tanıyın” tədbiri keçirilib

06 mart, 2019

Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinin metodist Anar Rəhimovun başçılığı altında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uğurla pedaqoji təcrübə keçirlər.

Martın 5-də  pedaqoji təcrübədə olan tələbələr məktəb kollektivi qarşısında “Bizim universiteti yaxından tanıyın” adlı tədbirlə çıxış ediblər. Tədbir ADU-nun tanıdılmasına, şagirdlər arasında məşhurluq qazanmasına və gələcək abituriyentlərin məhz bu təhsil ocağını seçməyə həvəsləndirməyə yönəlib. Pedaqoji təcrübə rəhbəri Anar Rəhimov ADU-nun ölkədə ən reytinqli və avropa təhsil sisteminə ən uğurla inteqrasiya olunmuş təhsil müəssisələrindən biri olduğunu deyib. O, universiteti bitirən məşhur həmvətənlərimiz, o cümlədən yüksək dövlət rəsmilərinin - Baş nazir Novruz Məmmədov, mədəniyyət naziri Əbülfəs Qarayev və gənclər və idman naziri Azad Rəhimovun ADU məzunu olmasını fəxrlə tədbir işçilərinin nəzərinə çatdırıb. Anar Rəhimov gələcəkdə Cocuq Mərcanlı kənd məktəbini bitirən tələbələri universitetimizdə görməkdən məmnun olacağını bildirib, onlara qəbul imtahanlarında uğurlar arzulayıb.

Tədbirdə daha sonra çıxış edən təcrübəçi müəllim Nicat Aşurov məktəb kollektivinə universitetin tarixi, tədris olunan xarici dillər, tələbələrlə bağlı olan maraqlı layihələr haqqında məlumat verib. Nicat Aşurov həmçinin “Bir günlük xəlifə” ləyihəsi haqqında da məlumat verib, özünün “xəlifə-rektor” seçilərək bir gün universiteti rektor səlahiyyəti ilə idarə etməsi haqqında ətraflı danışıb. Bu, iştirakçıların böyük marağına səbəb olub.

Daha sonra isə digər pedaqoji təcrübəçilər Toğrul Cahangirli və Gövhər Həsənli də təqdimatlarla çıxış edərək universitetdəki təhsil sistemi, xaricdə təhsil üçün yaranmış geniş imkanlar, tələbələrin asudə vaxtlarının necə səmərəli keçməsi, fəaliyyət göstərən mərkəzlər və tez-tez xarici ölkə səfirlərinin, dövlət və hökümət başçılarının universiteti ziyarət etməsindən danışıblar.

Tədbir müzakirələr və ADU haqqında videoçarxın nümayişi ilə yekunlaşıb.