ADU-nun professorları Ağdam məktəbində görüş keçiriblər
Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində Azərbaycan Dillər Universitetinin dilçilik üzrə professorları Fəxrəddin Veysəlli, Həbib Zərbəliyev və pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərli görüş keçiriblər.
Görüşün məqsədi Ağdam rayon məktəbində pedaqoji təcrübə keçən tələbələrə baş çəkmək və onların pedaqoji baxımdan öyrənmə vəziyyəti ilə yaxından tanış olmaq, həmçinin yaxın məktəblərdə çalışan müəllimlərlə birgə Ana dilimizlə bağlı görüş keçirmək olub.
Professor Fəxrəddin Veysəlli dilimizin zənginliyindən, rəvanlığından bəhs edərək, onu sevə-sevə şagirdlərə, övladlara mükəmməl şəkildə öyrətməyi və daha sonra əcnəbi dilləri öyrənməyi tövsiyə edib. Görüşün davamı olaraq söz professor Həbib Zərbəliyevə verilib. H. Zərbəliyev öz növbəsində dilimizin geniş imkanlarından düzgün istifadə etməyi, dildə qüsurlara yol verməməyi görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonda çıxış edən universitetin pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərli müəllimlərə tezliklə doğma torpaqlarına qayıdaraq, öz pedaqoji fəaliyyətlərini davam etdirməyi arzu edib.
Görüş müzakirə və sual-cavabla başa çatıb.
Qeyd edək ki, pedaqoji təcrübənin metodisti Mirsadiq Cəfərovdur.