ADU-da “Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa keçirilib
Fevralın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura və Doktorantura şöbələrinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa keçirilib.
Rektorun elm və təhsil məsələləri üzrə müşaviri filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olduğunu deyərək, faciə haqqında ətraflı bəhs ediblər.
Qeyd olunub ki, 27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən zəbt olunub. Hücum nəticəsində çoxlu sayda insanlar qətlə yetirilib, dinc sakin yaralanıb, girov götürülüb, itkin düşüb.
Çıxış edənlər dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini deyərək, hadisənin Azərbaycan xalqına qarşı törədilmiş amansız hərəkət olduğunu diqqətə çatdırıblar.
F.Rzayeva tarixi həqiqətlərin düzgün əks etdirilməsi nöqteyi-nəzərindən və bunun dünyaya çatdırılması baxımından tədrisdə bu mövzulara daha çox yer verilməsinin əhəmiyyətli olduğunu deyib.
Regionşünaslıq kafedrasının dosenti Namiq Kərimov, baş müəllimi Ramin Quliyev, doktorantlar Cavid Zeynalov və Qismət Rüstəmov Xocalı soyqırmında törədilən vəhşiliklər haqqında danışıblar.
Magistrantlar Lətifə Qasımova, Zəhra Fətullayeva, Türkan Gülməmmədli “Xocalı faciəsi xarici mətbuatda”, “Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsi kimi” mövzularında məruzə ediblər.