XƏBƏRLƏR

ADU-nun rektoru Venesuelanın Xarici İşlər nazirinin müavini ilə görüşüb

21 fevral, 2019

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb.

Rektor qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. K.Abdulla görüşün Venesuela səfirliyi və universitetləri ilə ADU arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacağını bildirib. O, Venesuelada baş verən xoşagəlməz hadisələrə görə məyusluğunu ifadə edib və xalqın bu çətin vəziyyətdən məsuliyyətlə, ləyaqətlə çıxacağına inandığını deyib. K.Abdulla Azərbaycanın Cənubi Qafqaz regionunda Venesuelanın sadiq dostlarından biri olduğunu söyləyib. Rektor dil və mədəniyyətlərin öyrənilməsi istiqamətində Azərbaycan və Venesuela arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Müştərək komissiyanın yaradılması ideyasından söz açıb.

ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verən universitet rəhbəri  təhsil ocağının müəllim və tələbələri ilə görüşmək üçün qonağı layihədə iştirak etməyə dəvət edib.

R.D. Molina səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli və beynəlxalq əlaqələrin qurulmasında akademik mühitin vacib olduğunu söyləyib. Qonaq xalqların tarixi və mədəniyyəti arasında əlaqələrin qurulması üçün dillərin öyrənilməsiniin əhəmiyyətindən söz açıb. R.D.Molina Venesuela universitetləri haqqında məlumat  verib.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitetin 70 illik tarixə malik olduğunu deyərək statistik məlumatları diqqətə çatdırıb, fəaliyyət istiqamətindən bəhs edib. Prorektor universitetdə 20 ildən çox müddətdə tədris olunan ispan dilini 200-dən çox tələbənin öyrəndiyini bildirib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, görüşdə Venesuelanın ölkəmizdəki ilk fövqəladə və səlahiyyətli səfiri Kristofer Berroteran da iştirak edib.