XƏBƏRLƏR

Araz Ağayev haqqında yayılan böhtanlara etiraz edib

19 fevral, 2019

Müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universiteti haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazı dərc olunub. Yazıda adı keçən şəxslərdən biri də universitetin Kadrlar şöbəsinin keçmiş müdiri Araz Ağayevdir. O, yazıda əsassız yerə onun adının hallanmasına etiraz edib. Araz Ağayevin mövqeyini təqdim edirik: "Son günlər bəzi saytlarda dərc olunmuş və ADU-nun guya süquta doğru getdiyini iddia edən yazılarla əlaqədar bildirirəm ki, universitetin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri kimi işimi davam etdirirəm. İddiaların əksinə olaraq, istər rektorumuz akademik Kamal Abdulla, istərsə də universitet rəhbərliyində təmsil olunan digər şəxslərlə işgüzar münasibətlərim səmimi və normaldır. Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsində fəaliyyətimə gəlincə, bu vəzifədə təxminən 6 aya yaxın müddətdə işləmiş və öz xahişimlə əvvəlki işimə qayıtmışam. Kadrlar şöbəsində çalışdığım müddətdə fəaliyyətimi birmənalı olaraq qanunvericiliyin tələblərinə uyğun qurmuş, yazıda iddia olunan hansısa “gizli oyunlar”ın şahidi olmamışam.

Yazıdakı iddialarla bağlı onu da vurğulamaq istəyirəm ki, universitetə işə qəbul prosesində “saysız-hesabsız kadrlar” ifadəsini işlətməyin özü ciddi yanlışlıq və qanunvericiliyin tələblərindən xəbərdar olmamağın göstəricisidir. Çünki heç bir müəssisə, o cümlədən də ADU-nun ştat cədvəli “saysız-hesabsız” kadrın işə qəbuluna imkan vermir. Sonda onu da bildirirəm ki, adımın bu tipli yazılarda hallandırılmasını pisləyir, bunu jurnalist etikasına zidd hesab edir və bütün həmkarlarımı Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əməl etməyə çağırıram. Əks təqdirdə Elmi Şuranın qərarına uyğun olaraq məhkəməyə müraciət ediləcək".