XƏBƏRLƏR

ADU-nun dosenti Fialə Abdullayeva beynəlxalq forumda iştirak edib

29 yanvar, 2019

Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva dilmancların “Qlobal dialoq” adlı beynəlxalq forumunda iştirak edib.

Forum 21-26 yanvar tarixlərində Moskva Dövlət Linqvistik Universitetində keçirilib.

Fialə Abdullayeva nitq prosesində, o cümlədən şifahi tərcümədə yaranan stresslə mübarizə, stressin profilaktikası, natiqlik sənəti, fonetik səriştənin formalaşmasında rəqəmsal texnikadan istifadə, rus dilinə canlı tərcümə, tərcüməçinin marketinqi, sinxronistlərin hazırlığının ilkin mərhələsi və təmrinlər, neft və qaz sahəsi üzrə tərcümə, audio-vizual tərcümə, məhkəmə tərcüməsində problemli məqamlar, etika və praktika, BMT-də tərcüməçilik, ardıcıl tərcümədə qeydgötürmə və s. məsələlərə həsr olunmuş 17 master klasda iştirak edib.

O, bildirib ki, daha sonra işgüzar proqramın iştirakçısı olub:

“Müzakirələr zamanı tərcüməçi və dilmanc hazırlığı üzrə tədris proqramı, fənlərin məzmunu, verilən ixtisaslar və s. ilə bağlı ABŞ, İngiltərə, Çexiya, eləcə də Rusiyanın digər universitetlərindən, MDB məkanından gəlmiş təlimçi və tərcüməçilərin təcrübələri ilə yaxından tanış oldum, respublikamızda tərcüməçi hazırlığı üçün  önəm kəsb edən məsələlərə aid məlumat əldə etdim. Sonda iştirakçılara “Qlobal dialoq 2019”-da iştiraka görə forumun təşkilatçısı və universitetin rektorunun imzası ilə təsdiq olunmuş sertifikat təqdim olundu”.