XƏBƏRLƏR

ADU - 70 İLİN ZİRVƏSİ - professor Adil Babayev yazır

24 yanvar, 2019

Bu gün respublikanın qabaqcıl ali məktəbləri sırasında özünə möhkəm yer tutmuş Azərbaycan Dillər Universitetinin 7 minə qədər tələbəsi, 690 müəllimi vardır. Burada son iki ildə aparılan geniş innovativ tədbirlər haqqında ötən məqaləmizdə bəhs etmişdik. Bu məqalədə yalnız ADU-da son 2 ildə tələbələr arasında aparılan mədəni, kütləvi və tərbiyəvi işlərdən bəhs edəcəyik.

Ulu öndərimiz H.Əliyev bu sahəyə yüksək qiymət verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.”

          Elə buna görə də 2017-2018-ci illərdə Tofiq Quliyevin 100, Hüseyn Cavidin 134, Qara Qarayevin 100 illik, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri və digər əlamətdar tarixi günlərlə bağlı silsilə tədbirlər həyata keçirildi. Təşkil edilmiş konfransların bəziləri Təhsil Nazirliyi, digər ali məktəblərin, dövlət təşkilatlarının, AMEA-nın müxtəlif institutlarının nümayəndələri ilə birlikdə hazırlanmışdı.

Universitetimizdə tərbiyə işinin həm təlimdə, həm təlimdən kənar, həm də elmi fəaliyyətdə bir-birini tamamlamasına xüsusi diqqət verilir. Bu prosesdə tələbələrin asudə vaxtının düzgün təşkil edilməsi həmişə diqqət mərkəzində olmuşdur. Demək olar ki, bütün iclas zallarında, 1996-cı ildə yaradılmış 2017-ci ildə öz işini yenidən qurmuş Heydər Əliyev lektoriyası, Universitetin muzeyi, İsmixan Rəhimov, Ülvi Bünyadzadə auditoriyaları,  kitabxana-informasiya mərkəzinin oxu zalında mütəmadi olaraq azərbaycançılıq və dövlətçilik mövzularında bir-birindən maraqlı tədbirlər həyata keçirilir.

20 yanvar şəhidi, universitetimizin keçmiş tələbəsi Ülvi Bünyadzadənin ad gününə, 20 yanvar hadisələrinə, Xocalı soyqırımına, 31 mart azərbaycanlıların soyqırımı gününə, 28 may Respublika gününə, 15 iyun Qurtuluş gününə, 18 oktyabr Milli Müstəqillik gününə, 9 noyabr Milli Bayraq gününə, Azərbaycan ordusunun qələbəsilə tarixə yazılan “Aprel döyüşləri”nin qəhrəmanlarına, torpaqlarımızın erməni faşistləri tərəfindən işğalı günlərinə həsr olunmuş müxtəlif xarakterli tədbirlər keçirməklə yanaşı, hər il Novruz Bayramı ərəfəsində əsgərlərimizə bayram sovqatı ilə bərabər tələbələrin əsgərlərlə görüşü təşkil edilmiş, tələbələrin iştirakı ilə bayram konsertləri verilmişdir.

Bütün bu tədbirlərin fövqündə ümumilli lider, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin, dünyanın tanınmış oftalmoloqu Zərifə Əliyevanın  doğum günlərinə həsr olunmuş tədbirlər dayanmışdır. Azərbaycan tarixində müstəsna rolu olmuş Heydər Əliyevin anadan olma və anım günlərilə bağlı hər il konfranslar, dəyirmi masalar, seminarlar, festivallar təşkil edilmiş, müəllim və tələbələr Fəxri Xiyabanı, DTX nəzdindəki “Heydər Əliyev muzeyi”ni ziyarət etmişlər. Ötən il ərzində Heydər Əliyevə həsr olunmuş “Nə, Harada, Nə zaman” intellektual yarışı, müxtəlif mövzularda dəyirmi masa təşkil edilmişdir.

Son aylar ADU-da tələbə dərnəkləri öz fəaliyyətini canlandırmışdır. TGT və müxtəlif xaricii dil tədrisi ilə məşğul olan mərkəzlərin nəzdində fəaliyyət göstərən 20-yə yaxın klub və qruplar, xüsusilə “Teatr” qrupu, “Rəqs” dərnəyi, “Musiqi” qrupu, “İntellektuallar”, “Linqvistika”, “Gənc Azərbaycanşünaslar” klubu və başqaları bütün bayram və yubiley tədbirlərində maraqlı proqramlarla çıxış etmiş, müxtəlif frestivallarda bacarıqlarını nümayiş etdirmişlər. Tələbələrimiz ingilis, fransız və Azərbaycan dillərində “Piqmalyon”, “Kamança”, “Qürur və qərəz”, “Balaca Şahzadə” əsərlərini səhnəyə qoymuşlar.

Universitetdə tanınmış Azərbaycan şair və yazıçılarının, görkəmli şəxsiyyətlərin çapdan çıxmış əsərlərinin təqdimatını keçirmək, onlarla görüşlər təşkil etmək bir ənənə halını almışdır.

Hazırda universitet tələbələrinin  3500 nəfərdən çoxu Tələbə Gənclər Təşkilatının  və Tələbə Həmkarlar Təşkilatının üzvüdürlər. Gənclər Təşkilatının nəzdində olan Musiqi, Lingvistika, Diplomat, İdman, BMT modeli, Debat, Teatr, Dalğa Rəqs Ansamblı, Şən və Hazırcavablar, Sağlamlıq, Yazarlar, Jurnalistika, Rəssamlıq və İntellektual Oyunlar kimi klublar  və  Xarici İşlər, İçtimaiyyətlə Əlaqələr, Vətənpərvərlik, Mədəni və Kütləvi Tədbirlər, Ümümi İşlər, İnsan Resursları və Layihələr departamentləri öz ətrafında yüzlərlə tələbəni birləşdirir.

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının Debat klubu Respublika üzrə Bakı Forumunun rus bölməsi üzrə qalib olmuşdur.

Universitet həyatının geniş şəkildə işıqlandırılmasında, keçirilən tədbirlər haqqında vaxtında informasiya verilməsində, yaradıcı gənclərin orijinal əsərlərinin və tərcümələrinin dərc edilməsində əsas mənbə rolunu oynayan “Poliqlot” qəzeti 2000-ci ildən bu günə qədər ayda iki nömrədən ibarət nəşr olunur. Bununla yanaşı, texniki imkanların artması nəticəsində 2014-cü ildən universitetdə AUL Channel fəaliyyət göstərir. Universitetin televiziyası  universitet həyatının bütün sahələri- tədris, elm, beynəlxalq münasibətlər, humanitar sahələr üzrə keçirilən tədbirlərin işıqlandırılması, müxtəlif çəkilişlərin aparılması və tələbələrin iştirakı ilə maraqlı video layihələr üzərində işləyir.

ADU-da tələbələrin pedaqoji təcrübəsi də yeni üsulla aparılır. Belə ki, tələbələrimiz ölkənin ən nüfuzlu təşkilat və qurumlarında, ümumtəhsil məktəblərində təcrübə keçirlər. Keçən ildən etibarən isə onlar ölkədə ilk dəfə məcburi köçkün məktəblərində keçirilən pedaqoji təcrübə, eləcə də bölgə icra qurumlarında tələbələrin istehsalat təcrübəsində iştirakı böyük maraqla qarşılanmışdır. Tələbələrin təcrübə keçdiyi təşkilatlar sırasında pedaqoji təcrübə üzrə Bakı şəhərində 64 məktəblə yanaşı, Binəqədidə yerləşən 1 saylı Zəngilan qaçqın məktəbi və 8 bölgə məktəbi, onlardan 5 məcburi köçkün məktəbi və 3 kənd məktəbi, belə ki, Gəncədə yerləşən 1 saylı Kəlbəcər məktəbi, Bərdədə yerləşən 1 saylı Ağdam məktəbi, Mingəçevirdə yerləşən 47 saylı Ağdam məktəbi, Ağcabədidə yerləşən Xocavənd rayonu 1 saylı Xocavənd kənd məktəbi, Sabirabadda yerləşən 12 saylı Cəbrayıl məktəbi, Qubanın Xınalıq kənd məktəbi, Qəbələnin Nic qəsəbəsi 3 saylı məktəb və Şamaxının Qızmeydan kənd məktəbi olmuşdur.

ADU-da öyrənilən baza dillərin - ingilis, alman, fransız və b. dillərin daha yaxşı tədris edilməsi və öyrənilməsi problemi ali məktəb rəhbərliyinin daim diqqət mərkəzindədir. ADU əməkdaşlarının ilk növbədə məhz bu dillər üzrə ixtisasartırmanın təşkili başlanmışdır. Həm 2017-2018-ci, həm də 2018-2019-cu tədris ilində universitet əməkdaşları Belarus Respublikasının Minsk şəhərində yerləşən Minsk Dövlət Linqvistik Universitetində, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində bir aylıq ixtisasartırma keçmişlər. Qeyd etmək lazımdır ki, universitet rəhbərliyi tərəfindən müəllimlərin ixtisasartırmaya göndərilməsinə hər cür dəstək var və bu istiqamətə xüsusi olaraq maliyyə ayrılır.

Eyni zamanda, Azərbaycan Dillər Universitetinə respublikamızda fəaliyyət göstərən orta və ali təhsil müəssisələri tərəfindən öz xarici dil müəllimlərinin ixtisasartırması ilə bağlı müraciətlər daxil olur. Həmin müəllimlər universitetin dil kafedralarından birinə bir aylıq təhkim olunmaqla bilik və bacarıqlarını təkmilləşdirirlər.

ADU-nun bütün kollektivi yaxşı dərk edir ki, başqa xalqın dilini, tarixini, mədəniyyətini, ədəbiyyatını yaxşı öyrənmək üçün öz xalqının dilini tarixini, mədəniyyətini, ədəbiyyatını yaxşı bilməlidir. Məs, H.Cavidi dərindən öyrənməklə Şekspiri, M.F.Axundovu yaxşı bilməklə Molyer və Volteri, Sabiri yaxşı bilməklə Lafonteni və Ezopu uğurla öyrənmək olar. Bu işdə yeni yaradılmış laborotoriya və mərkəzlərin böyük rolu vardır. Eyni zamanda tələbələrin audutoriyadan kənar çalışmalarını nəzərdə tutan “Auditoriya +” proqramı onların kamil mütəxəssis kimi yetişmələrinə kömək edir.

Məlumdur ki, multikulturalizm ölkəmizi dünyaya daha yaxından tanıtdı və tanıdır. Bu gün Azərbaycanın və Avropanın bir sıra ali məktəblərində bu fənn uğurla tədris edilir. Baxın, multikulturalizm Dillər Universitetinə  nə verir?! “Azərbaycan multikulturalizmi”  və “Multikulturalizmə giriş” fənnlərinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisi, xüsusilə Azərbaycan Dillər Universitetində alman, fransız, ingilis, ispan və s. dilləri öyrənən tələbələr üçün bir çox faydaları vardır. Belə ki, bu fənnin qeyd olunan dillər üzrə təhsil alan tələbələr üzərində intellektual və zehin açıcı baxımından funksional rolu danılmazdır. Məsələn, əsas ixtisas olaraq alman dili üzrə təhsil alan tələbə Azərbaycan multikulturalizmi fənni ilə müqayisələr apararaq Götenin “Şərq-Qərb” divanı, fransız dili üzrə təhsil alan tələbə Aleksandr  Dümanın  “Qafqaz” səyahətnaməsi, Volterin bir çox əsərləri, o cümlədən  ingilis dili üzrə təhsil alan tələbə Nizami Gəncəvinin  multikultural görüşləri yanında Şekspirin, tolerantlığa dair ilk traktat yazan ingilis filosof Con Lokun və ya digər dahilərin görüşləri ilə tanış olur və mütaliə dairəsini genişləndirir. Məhz Azərbaycan multikulturalizminin tədrisindəki bu məzmun və mahiyyət müxtəlif  mədəniyyətləri dərindən anlama qabiliyyətlərini inkişaf etdirmələrinə səbəb olur. Bu, Azərbaycan multikulturalizminin təhsil vasitəsilə həm qlobal arenada, həm də ölkə daxilində əsl zəfərindən xəbər verir.

          ADU-da özünəməxus bir qurum da yaranmışdır- Səfir saatı!

Bu qurum ölkəmizdə olan səfirliklərin rəhbərləri ilə və həmin ölkələrin yüksək rütbəli məmurları ilə müntəzəm görüşlər keçirir. Onlar universitetimizdə  görülən işlərdən çox məmnun olurlar. Son il yarımda on bir ölkənin rəhbər xadimi və səfiri Universitetdə olmuş və tələbələrlə görüşlərindən məmnunluqlarını bildirmişlər.

Onlar yazırlar:

“ADU-nun tələbələri ilə görüşdən fəxarət və məmnunluq hissi duydum. Gənclərlə “Milli sülh günü” haqqında danışmaqdan zövq aldım. Fürsətdən istifadə edərək ADU-da fəaliyyət göstərən Hindi dili və mədəniyyəti mərkəzinə təşəkkür edirəm!” - Hindistanın Azərbaycandakı sabiq səfiri Sancay Rana (10.10.2017)

“ADU-nun gənc və istedadlı tələbələri ilə görüşdən zövq aldım. Ümid edirəm ki, onlar gələcəkdə uğurlu karyera əldə edəcəklər.” - Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai (23.10.2017)

“Mənə ADU-da diplomatiya mövzusunda danışmaq imkanı yaratdığınıza görə təşəkkürlərimi bildirirəm. Bu möhtəşəm təhsil müəssisəsinin məzunu olduğum üçün böyük fəxarət hissi duyuram.” Səfir Fəxrəddin Qurbanov (01.11.2017)

“Azərbaycan Dillər Universitetinə səfər etməkdən, həmçinin rektor və idarə heyəti, o cümlədən tələbələrlə görüşdən böyük məmnunluq və fəxarət hissi duyuram. Ən səmimi arzularla universitetin müəllim və tələbələrinə uğurlar arzulayıram.” - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim (03.11.2018)

“Mənə Azərbaycan və Abş arasındakı beynəlxalq münasibətlər haqqında tələbələrlə görüşmək və danışmaq fürsəti yaratdığınıza görə təşəkkürümü bildirirəm.” - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta (30.11.2017)

“Mən bu universitetin məzunları ilə dəfələrlə görüşmüşəm və universitetin səviyyəsini çox yüksək qiymətləndirirəm. ADU-dakı İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətini çox müsbət dəyərləndirirəm.” - İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav (06.12.2017)

“ADU mənim üçün xüsusi bir məkandır. Bu gün ADU-nun Fəxri professoru adına layiq görülmüşəm. Azərbaycan və İndoneziya dostluğu sonsuzdur!” - İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani (04.07.2018)

“ADU-nun fəxri doktoru adına layiq olmağımdan şərəf duyuram. Azərbaycan Dillər Universitetində Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlamasının bu ölkələrin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağına inanıram. Azərbaycan Dillər Universitetinə uğurlar arzulayıram!” - Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç (22.05.2018)

“Böyük məmnuniyyət hissi ilə universitet tələbələri ilə görüşdüm. Inanıram ki, tələbələrdə beynəlxalq diplomatiyaya maraq yarada bildim. Sizə uğurlar arzulayıram!” - Rusiyanın ölkəmizdəki səfiri Mixayıl Boşarnikov (17.10.2018)

“Məni Azərbaycan Dillər Universitetinin fəxri doktoru adına layiq gördüyünüz üçün təşəkkürümü bildirmək istərdim. Azərbaycan Dillər Universitetinin fəxri doktoru adını almaq şərəfdir.”  - Italiya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati (19.10.2018)

“ADU-da olmaqdan böyük şərəf hissi keçirirəm!” - Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudnikova (07.11.2018)

“Məni belə maraqlı və həvəsləndirici söhbətə dəvət etdiyiniz üçün Azərbaycan Dillər Universitetinin rektoru, idarə heyəti və tələbələrinə təşəkkürlərimi bildirirəm.” - ABŞ-ın Müvəqqəti işlər vəkili Villiam Gill (18.12.2018)

Fəxri qonaqlar kitabına yazılan  rəylərdən götürülmüş bu kiçik təfriqələr belə ADU-ya verilən ən obyektiv qiymət kimi dəyərləndirilə bilər. ADU-nun Azərbaycan təhsilindəki layiqli yeri, bu qiymətlərə əsaslanaraq deyə bilərik ki, beynəlxalq aləmdə də eyni yüksəklikdədir.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin,

Prezident yanında Dövlət dil komissiyasının üzvü:                             Prof. A.M.Babayev