ADU-nun professorunun uğurları
İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya elmlər doktoru professor Fərman Zeynalov bir dilçi alim kimi respublikamızda və onun hüdudlarından kənarda özünəməxsus dəsti-xətti ilə seçilən, tanınan və qəbul edilən alimlərimizdəndir. Onun əsərləri təkcə respublikamızda deyil, həm də ABŞ-da, Kanadada, İranda, Gürcüstanda nəşr olunmuş və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, dilçiliyin mühüm və mübahisəli problemlərindən biri olan dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu məsələləri ilə bağlı öz orijinal sözünü demiş, dillərin müxtəlifliyinə dair bir yeni nəzəriyyə (helo-ritmik) və bir fonetik (fonogenetik) qanun irəli sürmüş və onları elmi cəhətdən əsaslandırmışdır. O, respublikamızda ingilis dilinin fonetikası və fonologiyası üzrə yeganə filologiya elmləri doktoru, professordur.
Fərman Hüsən oğlu Zeynalov 29 yanvar 1944-cü ildə Cəbrayıl rayonunun Həsənqaydı kəndində kolxozçu ailəsində anadan olub.
Fərman müəllimin elmi araşdırmalarının nəticələrinin istər ölkəmizdə (Dil və real gerçəklik: sistem və struktur münasibətləri. Bakı, 1999), istərsə də xarici nəşrlərdə (A Great Azerbaijani Culture in the Light of Crystallography. ABŞ, Seattle, 1997 ; Universal properties of the human language in the light of natural phenomena. Kanada, 2016) çap olunması dilçilərin və filosofların marağına səbəb olmuşdur. O, səkkiz kitabın, 2 monoqrafiyanın, 145 elmi-metodiki əsərin müəllifidir. Onun elmi istiqamətlərinin öz nəzəri əsası, çıxış nöqtəsi və özəllikləri vardır. Bu dilçi alimə görə, dillərin quruluş müxtəlifliyinin əsasında, habelə dil-nitq vahidlərində baş verən hər növ fonetik-fonoloji dəyişmələrin əsasında kainatın (təbiətin) ritmi və onun ayrı-ayrı təbii-coğrafi ərazilərdə variativ səciyyəli olması faktı dayanır.
Fərman müəllimin elmi araşdırmalarında ikinci yeni bir cəhət ondan ibarətdir ki, o, dilin sistem-struktur səciyyəsinin təbii obyektlərlə, xüsusilə oxşar quruluş prinsipi, funksiya, informasiya daşımaq, saxlamaq və ötürmək baxımından kristallar və genetik kodla izomorf və irsi münasibətlərə malik olduğunu elmi və əməli cəhətdən əsaslandırmışdır.
Fərman müəllimin elmi axtarışlarında üçüncü yeni bir cəhət ondan ibarətdir ki, o, Azərbaycan dilçiliyində ilk dəfə olaraq Azərbaycan dili söyləmlərinin ritmik-melodik strukturu ilə Azərbaycan xalqının mədəniyyət və incəsənət nümunələrində (muğam, xalq mahnıları, xalça, palaz və s.) olan naxış və ritmik fiqurlar arasında struktur izomorfluğu aşkar etmişdir.
Fərman müəllim müəyyən etmişdir ki, tarixi inkişafda hər bir xalqa məxsus bütün informasiya bir kod kimi onun dilinə yüklənmişdir və dili dərindən tədqiq etməklə həmin virtual informasiyaları əldə etmək olar. Bu informasiyalar dilin yalnız leksik-semantik sistemində deyil, onun prosodik, ritmik-melodik strukturlarında da təzahür edir. Belə ki, dillərin ritmik-melodik, bütövlükdə, prosodik-intonasiya strukturları linqvo-paleontoloji baxımdan da vacib informasiya daşıyır. Bu və ya digər mədəniyyət, incəsənət nümunələrinin hansı xalqa aid olmasını onun dilinin ritmik-melodik quruluşunun cizgiləri ilə müəyyənləşdirmək olar. Bununla yanaşı, dillərin ritmik-melodik quruluşundan alınan qrafik təsvir formalarının tonallıq dərəcəsi, diapazon fərqi və digər prosodik əlamətlərinə, ritmik-melodik xüsusiyyətlərinə görə də dillərin oxşar və fərqli cəhətlərini aşkar etmək olar. Bununla da ritmik-melodik, bütövlükdə, prosodik-intonasiya əlamətlərinə görə dillərin tipoloji təsnifatını da vermək, eləcə də bu əsasda xalqların yaşadığı ayr-ayrı coğrafi ərazilərin ritmik xüsusiyyətlərini müəyyənləşdirmək olar.
Fərman müəllim apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, xalqların milli dilinin danışıq ritmi, ritmik-melodik quruluşu ilə həmin xalqın yaratdığı mədəniyyət və incəsənət nümunələrinin quruluşu arasında bir izomorfluq vardır. Bu izomorfluğun əyani nümunələrini o, Azərbaycan və digər türk xalqlarının incəsənət nümunələrində rast gəlindiyini aşkar etmişdir. Bu alimə görə, hər bir xalqa, millətə məxsus kulturoloji, paremeloji və s. özəlliklər linqvo-koqnitiv müstəvidə tarixi inkişafda təhtəlşüur və təbii şəkildə onların dilinə yüklənərək kodlaşmışdır.
Fərman müəllimin irəli sürdüyü ən maraqlı mülahizələrdən biri dil, musiqi və ekologiyanın qarşılıqlı münasibəti haqqındadır. O, “Dil, musiqi və vokal ekologiya məsələlərinə dair” məqaləsində ilkin olaraq “vokal ekologiya” terminini işlətmişdir. Onun nöqteyi-nəzərincə, digər təbii sistemlər kimi, bəşəriyyətin musiqi sistemi də müəyyən təbii iyerarxik əlaqələr üzərində qurulur, bütövləşir və bu əlaqə fonunda Azərbaycan musiqisinin, xüsusilə muğamların öz yeri, öz həlqəsi vardır. Bu gün bəşəriyyət ciddi ekoloji problemlərlə qarşılaşdığı kimi “vokal ekoloji” problemlərlə də qarşılaşır.
Fərman müəllimin dilin sistem və strukturunun təbii obyektlərə münasibətinə dair fikirləri xarici dilçilər tərəfindən bəyənilmiş və onun irihəcmli bir məqaləsi ingilis dilində Kanadada İMPAKT faktorlu jurnalda dərc edilmişdir.
Dilçilik elminə verdiyi töhfələrə görə Fərman Zeynalov 2018-ci ilin mart ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilmiş, həmin Akademiyanın Beynəlxalq “Qızıl Ulduz” medalına və “Atatürk” mükafatına layiq görülmüşdür. Həmin ilin oktyabr ayında Fərman müəllim Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının akademik üzvü seçilmişdir.
2018-ci ilin dekabr ayında Fərman müəllimə Dünya elmində xidmətlərinə görə Birləşmiş Millətlər Şurasının İctimai Mükafatı (UNCOPA) olan “Elm və Sülh Səfiri” Beynəlxalq Fəxri ad mükafatı verilmişdir.
Ələddin Əliyev
Azərbaycan Dillər Universiteti rektorunun Sosial məsələlər üzrə müşaviri, “Etika” Komissiyasının sədri