XƏBƏRLƏR

ADU-nun daha iki professoru Vüsalə Ağabəylinin absurd və qərəzli fikirlərinə etirazını bildirib - MƏTN

09 yanvar, 2019

Azərbaycan Dillər Universitetinin daha iki professoru Filologiya və Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəylinin universitet rəhbərliyi və kollektivin ünvanına səslənən qərəzli fikirlərinə etirazını bildirib.

Təhsil fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sərxan Abdullayev və Təhsil fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının müdiri filologiya elmləri doktoru, professor Fərman Zeynalovun müraciətini təqdim edirik:

“Hesab edirik ki, Filologiya və Jurnalistika fakültəsinin dekanı fil.f.d. Ağabəyli Vüsalə  və onun “həmfikirlərinin”  dedikləri, yazdıqları özlərinin ən yaxşı tənqididir. Biz o cızmaqaraları şər-böhtan hesab edirik və  ciddi heç nə görmürük. Məsələn, deyilir ki, Kamal Abdullayev rektor olandan tədrisin keyfiyyəti aşağı düşüb. Tələbələr IV kursa gəlib çatır, amma ingiliscə danışa bilmir. Bu ittiham tamamilə absurddur. Akademik Kamal Abdullayev cəmi il yarımdır ki, rektor vəzifəsində çalışır. IV kurs tələbəsinin ingiliscə danışa bilməməsi rektorun yox, biz müəllimlərin günahıdır.

 Əlbəttə, hər yerdə olduğu kimi bizim universitetdə də zəif tələbələr yox deyildir. Ancaq respublikamızın hər yerində, bütün səfirliklərdə, dövlət qurumlarında bizim universitetin məzunları çalışır. Ulu öndər H.Əliyevin üçcildliyinin, Prezident İlham Əliyevin çoxcildliyinin və yüzlərlə başqa kitabların ingilis dilinə tərcüməsi də bizim universitetimizin müəllimləri  tərəfindən həyata keçirilmişdir. Bir çox mühüm dövlət sənədləri, beynəlxalq yazışmalar, müqavilələr bizim alman, ingilis və fransız dil mütəxəssisləri tərəfindən tərcümə edilmişdir. Bütün bunları görməmək internetdə yayılan materialların qərəzli olduğunu, yalan və böhtan olduğunu təsdiq edir.

Biz ADU haqqında mənfi xarakterli yazılan böhtan yazıları narazı adamların, öz mövqelərini itirmək qorxusu ilə yaşayanların təbii reaksiyası hesab edirik.

Akademik  Kamal Abdullayevin həyata keçirdiyi ciddi islahatlar “bəlkə də qaytardılar” xülyası ilə yaşayan bir çox gizli qüvvələrin təşkil etdiyi yalan və böhtan kampaniyasından başqa bir şey deyildir. Biz bütün kollektivə qarşı çevrilmiş bu çirkli kampaniyanı qətiyyətlə pisləyir və onların cəzalandırılmasını tələb edirik”.

Təhsil fakültəsi nəzdində Alman dilinin leksikologiyası

və üslubiyyatı kafedrasının müdiri:  f.e.d., prof. Sərxan Abdullayev

Təhsil fakültəsi nəzdində İngilis dilinin fonetikası

kafedrasının müdiri:  f.e.d., prof. Fərman Zeynalov