XƏBƏRLƏR

ADU-da “Anime – Yapon mədəniyyətinin ayrılmaz hissəsi” adlı tədbir keçirilib

28 dekabr, 2018

Azərbaycan Dillər Universitetində Azerbaijan Web of Anime (AWA) və ADU-nun Yapon Mərkəzinin təşkilatçılığı ilə “Anime – Yapon mədəniyyətinin ayrılmaz hissəsi” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi tələbələri anime ilə yaxından tanış etmək, eləcə də animenin səsləndirilməsi və onun tərcüməsi haqqında məlumat vermək olub.

Tədbir yapon dili müəllimi Xanım Xəlilovanın təqdimatı ilə başlayıb. Sonra Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Ayxan Mustafayev anime haqqında ətraflı məlumat verib. Həmin fakültənin 3-cü kurs tələbəsi Elşən İsayev isə AWA cəmiyyəti haqqında danışıb.

Tədbirin əsas hissəsi Natsume’s Book of Friends (夏目友人帳) adlı anime ilə başlayıb. Bu anime AWA cəmiyyəti tərəfindənAzərbaycan dilinə tərcümə olunan alt yazı ilə nümayiş olunub. Anime nümayişindən sonra tələbələrə anime ilə bağlı test şəklində suallar paylanılıb və tələbələr bu sualları cavablandırıb. Bütün suallara düzgün cavab yazan tələbələrə Yaponiyanın Azərbaycandakı səfirliyinin hədiyyələri verilib.