XƏBƏRLƏR

Tələbənin rektora təşəkkür məktubu - "O, dinləməyə və kömək göstərməyə hər zaman hazırdı"

28 dekabr, 2018

Mən Rusiya Federasiyasının vətandaşıyam. Azərbaycana ali təhsil almaq üçün gəlmişəm və seçimim Azərbaycan Dillər Universiteti olub. Seçimimdə heç yanılmamışam. 4 il ərzində mən həvəslə dərslərimi oxuyur, fəal tələbə kimi çalışırdım. Mənə çox gözəl, səbirli, diqqətli müəllimlər dərs deyiblər. Çox dərin biliklər və əvəzolunmaz təcrübə qazanmışam.

Amma 4-cü kursda mənim maddi cəhətdən problemlərim yarandı və bununla bağlı təhsil haqqını ödəyə bilmirdim. Məcbur olub rektorumuz Kamal Abdullaya müraciət etdim. O, yalnız öz sahəsində peşəkar deyil, böyük hərflərlə İNSANDI.

 O, həssaslıq və anlayışla məni qəbul edib dinlədi. Bundan başqa, problemin həlli üçün böyük yardım göstərdi. Dünyada belə bir böyük ürəkli insanın olduğunu bilmək necə də xoşdur.

 Şanslıyıq ki, universitetimizin rektoru məhz Kamal Abdulladır. Bu semestr rektor imtahan saatını bir saat artırdı. Kamal müəllim tələbələri dinləməyə və kömək göstərməyə hər zaman hazırdı. Universtitetdə təşkil olunan tədbirlərdə fəal iştirak edir. O, bizə ata kimi yanaşır, bizi öz uşaqları kimi qəbul edir. Biz universitetimizin tələbələri kimi təsəvvür edə bilmirik ki, nə qədər şanslıyıq. Bu cür insanlar olduğu müddətdə ölkəmiz - Azərbaycan inkişaf edəcək və onu gözəl bir gələcək gözləyir.  

 4-cü kurs tələbəsi – Fərzəliyeva Fidan