XƏBƏRLƏR

ADU-da “Qürur və qərəz” tamaşası səhnələşdirilib

28 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Könül Fərəcbəylinin rəhbərliyi ilə Təhsil fakültəsinin IV kurs tələbələri tanınmış ingilis yazıçısı Ceyn Oustinin məşhur “Qürur və qərəz” əsərini ingilis dilində səhnələşdiriblər. Tamaşa 7 səhnədən ibarət olub.

Gözlənilməz hadisələrlə dolu romantik janrda səhnələşdirilmiş tamaşa tələbələrin emosional ifası sayəsində böyük rəğbətlə qarşılanıb.

Səhnələşdirilmiş “Qürur və qərəz” tamaşasında ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov və Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov da qonaq qismində iştirak ediblər.

Tələbələrin ingilis dilində səhnələşdirdiyi tamaşa barədə Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov çıxış edərək bildirib ki, səhnə əsərinin ingilis dilində səhnələşdirilməsi tələbələrin xarici dili mənimsəmələrinin yüksək göstəricisidir və bu, təqdirəlayiq hesab edilir. Bu, tələbələrin xarici dil biliklərini kommunikativ baxımdan daha da inkişaf etməsinə kömək edir. Professor eyni zamanda tələbələrin yüksək artislik qabiliyyətinə malik olduğunu xüsusi vurğulayıb və onların canlandırdıqları obrazların öhdəsindən yüksək səviyyədə gəldiklərini qeyd edib.

Professor F.Cahangirov “Qürur və qərəz” əsərini belə gözəl canlandırdıqlarına görə tələbələrə və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.