XƏBƏRLƏR

ADU-nun professoru Nigar Vəliyevanın yeni kitabı çapdan çıxıb

26 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “İntroductory Course to the English Stylistics” adlı yeni kitabı çapdan çıxıb. Təhsil fakültəsinin tələbələri üçün nəzərdə tutulan yeni dərslik professor Nigar Vəliyevanın mühazirələrindən ibarət topludur.

Kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrin rəyçiləri ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Sərxan Abdullayev və Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədovdur.

Qeyd edək ki, dərslik Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi Elmi Şurasının 27 noyabr 2018-ci il tarixli iclasında təsdiq edilib.

Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. O, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Nigar Vəliyevanın elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.