XƏBƏRLƏR

Azərbaycanlı alim Çinin “Sinxua” İnformasiya Agentliyinə müsahibə verib

25 dekabr, 2018

Bu ilin dekabr ayında Çin Respublikasının nüfuzlu liderlərindən biri Den Syaopin tərəfindən irəli sürülmüş, Çin səciyyəli sosializm quruculuğuna istiqamətlənmiş, sosialist bazar iqtisadiyyatının inkişafına və Çinin dünyaya tanınmasına yönəlmiş  “islahatlar siyasəti və aşkarlıq” siyasi-iqtisadi kursunun elan edilməsindən 40 il keçir. Bu hadisə ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin də aparılan islahatlar və aşkarlıq siyasətini belə şərh etmişdir: ”Bu siyasət müasir dövrdə Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı  istiqamətində beynəlxalq əhəmiyyətə malik bir ölkənin modernləşdirilməsinə hesablanmışdır.  Həyata keçirilmiş həmin siyasət nəticəsində Çin dünyanın daha dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.  Bununla Çin iqtisadiyyatı nəinki   qloballaşma prosesinin mühüm iştirakçılarından birinə çevrilə bilmişdir, həm də inkişaf etmiş, eləcə də inkişafda olan ölkələrin bazarına daxil olmağa müvəffəq olmuşdur, bununla da dünya iqtisadiyyatının, həmçinin dünya valyuta-maliyyə bazarının böhranı zamanı çox mühüm ticarət gücünə çevrilmişdir. Hazırda modernləşdirmə siyasətinin əsas məqsədi orta təbəqənin da olduğu  güclü, demokratik, sivil və müasir sosialist dövlətinin yaradılması, millətin böyük dirçəlişi barədə Çin arzusunun həyata keçirilməsidir”.

 Professor R. Abbasov onu da qeyd etmişdir ki, ÇKP XIX qurultayında ÇXR-in Sədri Sin Cinpin islahatların dərinləşməsinin mühüm əhəmiyyətini xüsusi vurğulamış, islahatların əsas məqsədinin Çin səciyyəli sosializm cəmiyyəti quruculuğunun təkmilləşdirilməsi və daha da inkişafı olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, əsas vəzifə mövcud sistemin modernləşdirilməsi işinin və dövlət idarəçiliyi potensialının daha da gücləndirilməsidir. Bütün bu məsələlərlə yanaşı, siyasi islahatların daha da dərinləşməsi, demokratiyanın və hüquq sahəsində işlərin daha da inkişaf etdirilməsi, uyğun cəmiyyətin formalaşdırılması məsələlərinin həlli də qarşıya məqsəd kimi qoyulmuşdur. Şübhəsiz, bu gün 40 ildə aparılmış islahatlar və aşkarlıq siyasətinin nəticələri bizi fərəhləndirir. Çin uzun illərdir ÜDM istehsalına görə dünyada ikinci yerdədir,  xarici ticarət və xarici investisiyanın həcminə görə də dünyanın aparıcı ölkələri ilə bir sıradadır. İslahatların və aşkarlığın 40 illik təcrübəsi sübut etdi ki, Çinin bu cür irəliləməsi perspektivləri dünyanın inkişafı, dirçəlişi və stabilliyi  perspektivləri ilə möhkəm əlaqədardır.  Çin bundan sonra da qarşılıqlı bəhrələnmə, həmçinin dünyada müstəqil, xarici  sülh siyasəti və sabitlik prinsipləri əsasında aşkarlıq strategiyasına əməl etməyə hazırdır. Bu baxımdan Çin islahatlar siyasəti ilə dünyaya hərtərəfli aşkarlığın  yeni yaradıcılıq fenomenini təqdim etməyə müvəffəq olmuşdur. Bu, hər şeydən əvvəl, ”birgə məsləhətləşmə, birgə quruciluq, birgə istifadə” prinsipinə əsaslanan  “Bir zolaq, bir yol” təşəbbüsünün həyata keçirilməsi ilə  əlaqədardır. R. Abbasov onu da xüsusi olaraq qeyd etmişdir ki, ölkəmiz tarixən dostluq və hərtərəfli əməkdaşlıq telləri ilə bağlı olmuşdur, bu səbəbdən islahatlar və aşkarlıq siyasətinin nəticələrinə xüsusu maraq göstərir. Çünki Çinin Avrasiya ölkələri ilə əməkdaşlığının interaktiv inkişafı iqtisadi inkişaf siyasətinin balanslaşdırlımış qaydada aparılmasına imkan verir. Məlum olduğu kimi, keçən il Azərbaycanla Çin Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 25 ili tamam olmuşdur. Hal-hazırda Çin Azərbaycanın dünyada əməkdaşlıq etdiyi beş nəhəng  tərəfdaşından biridir.  Çin və Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye sahələrində yaranmış əməkdaşlıq əlaqələri müvəffəqiyyətlə davam edir. Əgər 1992-ci ildə ölkələrimiz arasında əmtəə mübadiləsi 1,5 ABŞ dolları həcmində olmuşdursa, hazırda Çin tərəfin investisiyasını  nəzərə almaqla, bu rəqəm 1 milyard ABŞ dolları həcmindədir. Eyni zamanda Böyük  İpək Yolunun mərkəzində yerləşən Azərbaycan Çinin bu çərçivədə həyata keçirilən nəhəng nəqliyyat və yükdaşımalar sahəsində  layihələrinin mühüm iştirakçısıdır. Bu gün Azərbaycanın “Bir zolaq, bir yol”proqramında daha da fəal iştirakı müşahidə olunur. Bu, hər şeydən əvvəl, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayının 15-də Çinə etdiyi tarixi səfərlə əlaqədardır. Rəsmi görüş zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birgə “İpək Yolu İqtisadi Zolağı”nın yaradılmasının daha da inkişafı ilə əlaqədar qarşılıqlı anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd hər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün əsaslı zəmin olmuşdur. Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycan və Çin Transxəzər Nəqliyyat xətti layihəsinin həyata keçirilməsi sahəsində də əməkdaşlıq edir. Bütün bunlar Çinin aşkarlıq siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin, həmçinin yeni tipli beynəlxalq münasibətlərin yaradılması və “Birgə taleyi bölüşən insan cəmiyyətinin” formalaşmasının əyani göstəricisidir".