XƏBƏRLƏR

Frankofoniya mərkəzi və fransız dilinin leksikologiya kafedrası xeyriyyə yarmarkası təşkil edib

24 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Frankofoniya Universitet mərkəzinin və fransız dilinin leksikologiya kafedrasının təşəbbüsü ilə Universitetin II tədris korpusunda xeyriyyə yarmarkası təşkil olunub. Yarmarka Təhsil fakültəsinin fransızdilli tələbələri və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri tərəfindən keçirilib.

Xeyriyyə yarmarkasında tələbə, şagird və müəllimlər tərəfindən hazırlanan şirniyyat məmulatları, isti və soyuq içkilər, bəzək aksessuarları, müxtəlif mövzulu kitablar satışa çıxarılıb. Tələbələrin diqqətəlayiq və xeyirxah təşəbbüsünə dəstək olmaq üçün Təhsil fakültəsinin dekanlığının əməkdaşları, fakültənin nəzdində fəaliyyət göstərən kafedraların müəllimləri, eləcə də universitetin tələbələri satışa çıxarılan məhsullardan almaqla gənclərə dəstək olublar. Yarmarkanın sonuna yaxın Təhsil fakültənin tələbələri və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri fransız dilində musiqili əyləncəli proqramla çıxış ediblər.

Aksiya zamanı toplanan maliyyənin bir hissəsi 12 saylı xüsusi internat məktəbi, digər hissəsi isə Azərbaycan Dillər Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbənin təhsil haqqının bir hissəsinin ödənilməsinə sərf edilib.