XƏBƏRLƏR

"Elə bil, şagirdlər illərlə həsrətimi çəkirdilər" - fədakar müəllimənin Ağcabədi təəssüratları

20 dekabr, 2018

2017-2018-ci tədris ilində ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılmış yeni layihəyə əsasən universitetimizin IV kurs tələbələri könüllü olaraq 4  həftəlik pedaqoji təcrübələrini Azərbaycanın bəzi rayonlarında məskunlaşmış məcburi köçkün məktəblərində keçməli idilər. Layihənin əsas məqsədi elindən-obasından, evindən-eşiyindən didərgin düşmüş məcburi köçkünlərə mənəvi dayaq idi.

Bu layihəyə əsasən mən və 6 tələbəmiz könül xoşluğu ilə təbiəti çox gözəl və insanları mehriban olan Ağcabədi rayonuna getdik. Təhkim olunduğumuz məktəb - Xocavənd rayonu, Xocavənd kənd 1 saylı orta məktəbi bu rayonda yerləşir. İlk dəfə həyata keçirilən bu layihədə iştirak etdiyimə görə çox həyəcanlı idim. Amma bu həyəcan çox çəkmədi. Universitetimizin rəhbərliyi tərəfindən verilən tapşırıqları çox böyük həvəs və məsuliyyətlə yerinə yetirərək bizə ayrılan 4 həftəni başa vurduq. Təhkim olunduğumuz məktəb kollektivinin və şagirdlərin göz yaşları ilə onlardan ayrıldıq. Mən onlara mütəmadi olaraq baş çəkəcəyimə söz verdim, onlar isə yolumuzu intizarla gözləyəcəklərini söylədilər.

Nəhayət həmin gün gəlib çatdı. Mən bir metodist kimi verdiyim sözə əməl edərək yenidən Ağcabədiyə səfər etdim.

Bu səfər o qədər maraqlı oldu ki... Qəsəbə sakinlərinin, əsasən də məktəb şagirdlərinin təəccüb, həyəcan və böyük sevinclə məni qarşılamaları həqiqətən özümü də çox təsirləndirdi. Şagirdlər sevinə-sevinə mənə tərəf qaçaraq ucadan qışqırdılar və mənimlə elə görüşdülər ki, elə bil, illərlə həsrətimi çəkirdilər. Əlbəttə, onların bu cür qarşılamaları, deyərdim, məni göylərə ucaltdı, bəlkə də qanadım olsaydı uçardım. Mən hal-əhval tutduqdan sonra universitetimizin rəhbərliyinin və kollektivinin salamlarını onlara çatdırdım. Onlar məndən heç ayrılmaq istəmir, hey sorğu-suala tutur, sualı sual dalınca yağdırırdılar.

- Müəllimə, nə yaxşı, gəldiniz. Söz vermişdiniz, gələcəm, gəldiniz. Yenə tələbə gətirmisiz?

Bu kimi suallar çox idi, onlar məni əhatəyə almışdılar. Uşaqların sevincinin həddi- hüdudu  yox idi. Hətta valideynlər də biz Bakıya qayıdandan sonra onların arxamızca nə qədər ağladıqlarını, çox  məyus olduqlarını söylədilər və dedilər ki, müəllimə, siz onlara nəinki müəllim kimi, hətta ana kimi qayğı göstərmisiz, tələbələriniz onlarla çox səmimi rəftar ediblər deyə, onlar sizi və yenidən bu məktəbə gəlməyinizi həsrətlə gözləyirdilər. Biz sizin kimi metodistə, sizin kimi qayğıkeş və etibarlı müəllimə dərin təşəkkürümüzü bildiririk.

Şagirdlərin bəziləri keçən dəfə təcrübədə olan tələbələri sevə-sevə soruşurdular: «onlar yenə gələcəklərmi?». Çünki pedaqoji təcrübədə olan tələbələrimiz də onlarla çox mehriban və səmimi olmuşdular. Mən isə onların artıq IV kursu bitirdiklərini və inşallah növbəti il başqa IV kurs tələbələrinin gələcəklərini söylədim. Onlar bizim yolumuzu gözləyəcəklərini böyük fərəh hissi ilə söylədilər.

Şagirdlərlə uzun-uzadı söhbət etdikdən sonra mənim və müəllim həmkarlarım üçün də xoş olan bir təklifi bildirib onları gələcəkdə öz universitetimizdə - Azərbaycan Dillər Universitetində tələbə kimi görmək istədiyimi söylədim. Hətta V-ci sinflərə «XI sinfi bitirəndə hansı universitetin tələbəsi olmaq istəyərsiniz?» sualını verəndə, inanın, hamısı xorla, bir ağızdan: “Azərbaycan Dillər Universitetinin tələbəsi olmaq istəyirik” dedilər . Bu cavabdan sonra  mən böyük qürur hissi ilə 4 həftə ərzində universitetimizin nailiyyətlərini, dünya təhsil sisteminə inteqrasiyasını tanıda bildiyimizə görə böyük fəxr duydum.

Məktəb şagirdləri ilə uzun-uzadı, şipşirin söhbətdən sonra ayrılıq zamanı çatdı. Şagirdlər kövrələ-kövrələ mənimlə görüşüb ayrıldılar və böyük ümidlə yenə də səbirsizliklə yolumuzu gözləyəcəklərini söylədilər. Onlar universitetimizin rəhbərliyinə, müəllim, tələbə kollektivinə salamlarını söylədilər.

Ulu tanrıdan arzum budur ki, tezliklə mənfur erməni tapdağı altında qalmış torpaqlarımız tezliklə geri alınsın və mən də öz sevimli tələbələrimlə birgə pedaqoji təcrübəni Xocavənd rayonunun özündə keçim.

Təhsil fakültəsi, Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Gözəl Məmmədova