XƏBƏRLƏR

Xarici təcrübəni bölüşək mövzusunda təlim keçirilib

18 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsində Xarici Təhsilli Əməkdaşlar Birliyinin təşkilatçılığı ilə "Xarici təcrübəni bölüşək" mövzusunda təlim keçirilib.

Təlim prosesində xarici dillər kafedrasının müəllimlərindən dosent Təranə Həsənova, baş müəllimlər Kamalə Əliyeva və Gülnarə Məlikova iştirak ediblər. Onlardan T.Həsənova Ukraynada ixtisasartırma kursunu bitirib, K.Əliyeva və G.Məmmədova isə Milan Ali Tərcümə Mərkəzində subtitr və respeakinq tərcümə proqramları üzrə təlim keçiblər.

Tədbiri Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri, baş müəllim Lətifə Qurbanova açaraq, xarici ölkələrdə toplanmış təcrübənin zərurətindən, bu mübadilənin müəllimlərə tədris metodologiyasına müqayisəli təhlil imkanı verməsindən danışıb, təhsilimizə yeni baxış və yanaşma tərzinin formalaşmasında üstünlüklərini xüsusi qeyd edib.

Çıxışlar zamanı subtitr və respeakinq proqramları iştirakçılar arasında maraqla qarşılanıb. Bu təlim proqramları indiyədək Azərbaycanda kifayət qədər geniş yayılmayıb və ona özfəaliyyət qaydasında rast gəlinsə də, sistemli yüksək peşəkarlıq səviyyəsində tətbiqinə və inkişafına böyük ehtiyac var.

 Sonra xaricdə təcrübə keçmiş müəllimlər iştirakçıların çoxsaylı suallarına cavab veriblər. Təlimdə universitetin müəllimləri ilə yanaşı, xarici ölkələrdə müxtəlif proqramlar üzrə təhsil almış yuxarı kurs tələbələri də iştirak ediblər.