Linqvokulturologiya kafedrasının təşəbbüsü ilə Landau məktəbində dərs keçirilib

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarova Landau məktəbində tələbələrin iştirakı ilə Ölkəşünaslıq fənnindən açıq dərs keçib. Dərsin mövzusu “Culture, customs and traditions of Great Britain” adlanıb.
Dərsdə 4-cü kursun 404 a qrup tələbələri Hacızadə Günay, Hüseynova Fidan və Erasmus proqramı əsasında ADU-da təhsil alan 3-cü kurs ispan tələbələri Eduardo və Fransisko iştirak edib və mövzu ətrafında müxtəlif videoçarxlar, bilik yarışmaları, şagirdlərlə interaktiv müzakirələr keçiriblər.
Tədbir tam ingilis dilində keçirilib. Açıq dərs interaktiv metod əsasında qurulduğundan şagirdlərin hər biri dərsdə fəal iştirak edib və ən fəallarına ADU tərəfindən hədiyyələr təqdim olunub.
Dinara Muxtarova bildirib ki, ADU-nun orta təhsil ocaqları ilə sıx əlaqəsi var. O, daha sonra şagirdlərə ADU-nu təqdim edərək burada müxtəlif dillərin tədris olunmasını vurğulayıb və universitet həyatını şagirdlərə təqdim etmək məqsədi ilə onları bu təhsil ocağına dəvət edib.
Landau məktəbinin rəhbərliyi və müəllimlər çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür ediblər.
Qeyd edək ki, tədbirdə professor Məsməxanım Qazıyeva, Linqvokulturologiya kafedrasının əməkdaşları - fil.f.d., baş müəllim Rəşidə Ağayeva və fil.f.d., baş müəllim Aynur Məmmədzadə də iştirak edib. Professor Məsməxanım Qazıyeva universitetlə məktəb arasında əlaqə mövzusundan geniş danışıb, kafedra əməkdaşlarının məktəblərlə, eyni zamanda universitetlərlə yaratdıqları əlaqələrdən, bu əlaqələr zamanı tələbələrin də fəal iştirakından söz açıb.
Bu məqsədlə iki təhsil müəssəsi - Azərbaycan Dillər Universiteti və Landau məktəbi arasında müqavilə imzalanması gözlənilir.









