XƏBƏRLƏR

Tələbə Sabir: “Müslüm Maqomayevlə eyni səs tembrinə sahibəm”

17 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin tələbəsi Sabir Qasımov musiqini və italyan dilini həyatının bir parçası hesab edir. Tərcümə fakültəsində italyan dili ixtisası üzrə IV kurs tələbəsi olan Sabir deyir ki, gününün çox hissəsini universitetdə keçirir. İdmanla məşğul olmağı, kinoya getməyi sevir. Həftənin sonunda isə vokalla məşğul olur, tədbirlərə hazırlaşır. Tələbəmizi daha yaxından tanıtmaq üçün onunla söhbətləşdik.

 -Musiqi mənə zövq verir, bu işlə sevərək məşğul oluram. Tədbirlərə hazırlıq prosesimiz isə məsuliyyətli və maraqlı keçir. Hazırlıq prosesində müəllimim oxumağın yeni texnikalarını öyrədir. İlk 15 dəqiqə səsimi açmaq üçün hazırlıq edirik. Bəzi musiqi alətləri və onun sirlərini öyrənirəm. Həmin texnikalar üzərində mahnıları məşq edirik.

- Universitetdən kənarda mahnı oxumusunuz?

- Bir çox yerdə mahnı oxumuşam. Məsələn, Sumqayıt Dövlət Dram Teatrında, Elektra Events Hallda, İctimai Televiziyada, AzTV-də oxumuşam, Metro Parkda keçirilən xeyriyyə aksiyasında çıxışlarım olub.

- Hansısa  musiqi alətində ifa etməyi bacarırsınız?

- Pianoda ifa etməyi bacarıram.

- Musiqiləri hans dildə məşq edirsiniz?

- İtalyan, rus, Azərbaycan dillərində musiqiləri məşq edib, yaxşı da nəticələr əldə edirik.

- Bəs hansı janrlarda musiqilərə üstünlük verib səsləndirirsiniz?

 - Biz həm estrada, həm də klassik musiqilərə üstünlük veririk. Belə deyə bilərəm ki, üç səs tembri var. Kişi üçün bas, bariton, tenordu. Baritondan aşağı səslər bas səsləridir. Bir fərq də var ki, bas səslərdə səs dalğaları çox olur. Bas səslərinin səs dalğaları çox güclü olur. Məsələn, nümunə kimi Fyodor Şalyapinin adını çəkə bilərəm. Bariton səslər bas səslərindən bir az yüksək olur. Tenor səslər yuxarı səslərdir. Məsələn, Alim Qasımov tenordu, Müslüm Maqomayev bariton. Yəni onu demək istəyirəm ki, fərqli səslərdir. Bariton səslər bir az qalın olur. Məsələn, bir çox operalarda - “Toska”da, “Karmen”də bariton səsli sənətçilər iştirak edir. Arzum bu operaları ifa etməkdir.

- Bəs siz öz səsinizin hansı tembrə uyğun olduğunu düşünürsünüz?

 - Mənim səs tembrim orta səs tembri olan baritondur. Lirik bariton. Baritonun da öz növləri var: lirik, dramatik. Müslüm Maqomayevlə eyni səs tembrinə sahibəm.  Azərbaycan xalq mahnıları və İtalyan klassik mahnılarını oxumağa üstünlük verirəm.

- İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetinin qonağı oldu. Siz həmin tədbirdə mahnı ifa etdiniz. Bir qədər bu haqda danışmağınızı istərdim. 

 - Mən səhnəyə çıxmazdan əvvəl dəqiqləşdirdik ki, bizə hansı musiqi lazımdır. Pop və klassik mahnılar oxudum. Rektorumuz Kamal Abdulla klassik ifanın tərəfdarı olduğunu dedi. Mənim oxuduğum “Torna a Surriento” İtalyanın xalq mahnısıdır. Neapol musiqisidir.

- Çətinlik çəkmədiniz ki?

 - Əvvəlki hazırlıqlarımız zamanı bu musiqiyə 5-6 ay vaxt sərf etmişdik. Çünki bu doğrudan da çox çətin musiqidir. Bir gün boyunca hörmətli bədii rəhbərimiz Yaqub müəllimlə məşq etdik. Çətinlik çəkmədim. O, mənə əlindən gələn hər şeyi etdi.

* * *

  Bədii rəhbər, işini hər zaman məsuliyyətlə təşkil edən Yaqub Cavadovla da Sabir haqqında söhbət etdik. Yaqub Cavadov Azərbaycan Dillər Universitetində Musiqi və incəsənət şöbəsinin bədii rəhbəridir. O, deyir ki, Sabiri II kursdan tanıyır:

“Universitetimizdə müsabiqə var idi. Müğənni Elnarəni də dəvət etmişdik. Universitetdə müsabiqə ilə istedadlıları axtaran zaman Sabir də onların içərisində idi. Sabir orada mahnı ifa etdi. Onun musiqi istedadını, səs tembrini kəşf etdik. Onu da qeyd etməliyəm ki, İtalyan dilində çox yaxşı ifa etməyi bacarır. Bir dəfə Elnarə xanımla İtalyan dilində duetləri olmuşdu. Studiyada hazırladıqdan sonra AzTV-nin MAG      (Müasir Azərbaycan Gəncləri) verilişinə qonaq getmişdik. Orada da mahnı ifa etmişdi.

Konsertlər təşkil olunanda ona da repertuar veririk. Mən sonra onda bəzi xüsusiyyətləri kəşf etdim. Ona məsləhət gördük ki, “Dədə Qorqud” filmində səsləndirilən “İncə bellim” musiqisini ifa etsin. Çox da yaxşı oxudu. Bəyənildi. Onu da qeyd edim ki, Sabir universitetimizin ağıllı, böyüklərinin hörmətini saxlayan bir müğənnisi, tələbəsi, istedadlı gəncdir.

Əvvəlki Sabirlə indiki Sabir arasında fərq varmı?

- Praktika vacib meyardır. Düzdür, nəzəriyyədən də çox şey asılıdır. Əvvəllər oxuyanda çəkinirdi. Oxumadan, təcrübə əldə etmədən irəliləmək olmur. İndi isə sərbəstdir. Çalışır ki, hər şeyi yerli-yerində etsin. Onun özünəməxsus ifa manerası var.

 Hazırladı: Filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi Nuranə İsmayılova