XƏBƏRLƏR

Dillər Universitetində "Bir kitabın incisi" adlı yeni mədəni layihəyə başlanılıb

07 dekabr, 2018

Dillər Universitetində "Bir kitabın incisi" adlı yeni mədəni layihəyə başlanılıb

Azərbaycan Dillər Universitetində "Bir kitabın incisi" adlı yeni mədəni layihəyə başlanılıb. Layihənin yaranma ideyası universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Sosial Məsələlər üzrə Departamentin idarə heyəti tərəfindən irəli sürülüb.

Sosial Məsələlər üzrə Departamentin sədri, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin III kurs tələbəsi Rəşid Tağıyev bildirib ki, "Bir kitabın incisi" layihəsi əsasında universitetin hər üç korpusu üzrə açıq kitabxana yaradılıb: “Nəzərdə tutulub ki, evində artıq kitabı olan tələbələr, yaxud universitet əməkdaşları kitabları bizə təhvil verir, biz də onları ümumi istifadəyə veririk. Əsas prinsipimiz universitetimizdəki tələbələrimizin kitablara olan marağının artırılmasıdır. Düzdür, hazırda tələbələrin kitabxanaya marağı o qədər də yüksək deyil, amma nəzərə alaq ki, kitabxana yeni istifadəyə verilib. Ümid edirik ki, getdikcə tələbələrin diqqəti artacaq, kitabxanadan daha geniş faydalana biləcəklər. Bu təşəbbüsümüzün dəstəkçilərinə - universitet rəhbərliyinə, fakültə dekanlıqlarının əməkdaşlarına, kafedralara və tələbələrimizə öz dərin təşəkkürümüzü bildiririk. Yanımızda olan, kömək edən hər kəs bizim üçün dəyərlidir. Güman edirik ki, tələbələrimiz bu təşəbbüsümüzü yüksək qiymətləndirəcəklər”.

"Bir kitabın incisi" kitabxanasının ünvanları:

  1. Əsas korpus, 4-cü mərtəbə, kitabxana.
  2. Təhsil fakültəsinin binası, 1-ci mərtəbə, kitabxana.
  3. 3 nömrəli tədris binası, 1-ci mərtəbə, Abbas Səhhət adına qiraət zalı.