Əlcəzairin müvəqqəti işlər vəkili Dillər Universitetində olub
Azərbaycan Dillər Universitetində Frankofoniya Universitet Mərkəzinin təşkilatçılığı ilə Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussatla görüş keçirilib.
Görüş zamanı Benmoussat "Əlcəzair – müstəqil dövlətin tarixi, mədəni-mənəvi dəyərləri və adət-ənənələri" mövzusunda mühazirə oxuyub, Əlcəzair xalqının tarixi, mədəniyyəti, iqtisadiyyatından söhbət açıb.
O, ölkəsinin müstəqil dövlət kimi inkişaf yolunu açıqlayıb, müasir dövrdə Əlcəzairin Fransa ilə, Azərbaycanla eləcə də digər qonşu dövlətlərlə iqtisadi əlaqələrindən, Azərbaycan və Əlcəzair xalqları arasında olan fərqli və oxşar xüsusiyyətlərdən, Azərbaycanın zəngin mətbəxindən, musiqisindən, iki xalq arasında olan oxşar geyim mədəniyyətindən bəhs edib.
Bundan başqa o, ölkəsinin tədris ocaqlarında fransız dilinin tədrisini, onun rolunu, tələb olunan ixtisaslara uyğun olaraq dil seçiminin azad olduğunu vurğulayıb.
Sonda tələbələr və müəllimlər arasında mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, Abbes Benmoussat Azərbaycan Dillər Universitetində olmağından məmnunluğunu ifadə edib.
Görüş tələbələr və müəllimlərdə Əlcəzair Xalq Demokratik Respublikası haqqında gözəl təəssürat yaradıb.