XƏBƏRLƏR

“XIX-XX əsr erməni fitnəkarlığı: Azərbaycan dilinə və mədəniyyətinə münasibət” mövzusunda dəyirmi masa keçirilib

23 noyabr, 2018

Noyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “XIX-XX əsr erməni fitnəkarlığı: Azərbaycan dilinə və mədəniyyətinə münasibət” mövzusunda dəyirmi masa keçirilib.

Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli erməni fitnəkarlığı haqqında danışıb. Onun sözlərinə görə, XIX-XX əsrlərdə Azərbaycan xalqının üzləşdiyi faciələrdə erməni amansızlığının böyük rolu olub: “Uzun müddət Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycanın əzəli torpaqları hesabına öz dövlətlərini qurmağa çalışıblar. Onların bu yolda atdığı mənfur addımlar ancaq insan faktoru ilə deyil, eyni zamanda mədəniyyət, incəsənət və tarixin məhv olması ilə nəticələnib”.

Fakültə dekanı əlavə edib ki, erməni xalqı özünü dünya ictimaiyyətinə mədəni xalq kimi təqdim etsə də, onların törətdiyi soyqırımı və vandalizm barbar xalq olduqlarını bir daha sübut edir.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev erməni fitnəkarlığının XIX əsrin əvvələrində geniş vüsət aldığını söyləyib və həmin dövrdə baş verən hadisələrdən danışıb. Erməni fitnəkarlığının fars şovinizmindən qidalandığını vurğulayan professor Daşnaksütyun partiyasının yaranması, onun terrorçu fəaliyyəti, eləcə də Azərbaycanın idarəçiliyində ermənilərin hakim vəzifələrə təyin olunmasından söz açıb. A.Babayev bildirib ki, 1905-ci il inqilabı və 1918-ci il hadisələri erməni terrorunun bariz nümunəsidir.

Azərbaycan dilçiliyi kafedrasının dosenti Afət Cəfərova və həmin kafedranın müəllimləri Aytac Rüstəmli, Sərinə Rəhimova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, özünəməxsus mədəniyyəti olmayan ermənilər hər zaman Azərbaycanın mədəni sərvətlərinə hücum çəkərək onu mənimsəməyə cəhd göstəriblər.

Dəyirmi masa müzakirələrlə davam edib.