XƏBƏRLƏR

ADU-da “Kamança” pyesi səhnələşdirilib

20 noyabr, 2018

Noyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşa universitetin tələbələri tərəfindən ingilis dilində təqdim olunub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla çıxış edərək pyesin universitetin Tərcümə və mədəniyyətşünaslıq, Filologiya və jurnalistika fakültələrinin təşəbbüsü əsasında səhnələşdirildiyini bildirib. O, əlavə edib ki, tələbələrin belə bir əsəri hazırlaması onların potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Daha sonra rektor səhnələşdirilən əsər barədə danışıb: “Kamança” pyesi xalqımızın tolerantlığını və multikultural mahiyyətini üzə çıxaran bir əsərdir. Bu əsərdə xalqımızın dəyanətli və rəhmli olması dünyaya nümayiş olunur”. Rektor sonra səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tamaşa başa çatdıqdan sonra universitetin tələbələri Azərbaycanın multikulturalizm modeli  haqqında müxtəlif dillərdə çıxış ediblər, eyni zamanda ölkə prezidenti İlham Əliyevin multikulturalizmlə bağlı nitqi nümayiş olunub.

Qeyd edək ki, səhnə əsərinin tamaşaçıları arasında Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin tələbələri, o cümlədən onların müəllimləri əməkdar artist Yaqut Paşazadə də olub. Tələbələr eyni zamanda Azərbaycan Dillər Universiteti ilə də tanış olub, ali təhsil ocağından xoş təəssüratlarla ayrıldıqlarını deyiblər.