XƏBƏRLƏR

Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında dəyirmi masa keçirilib

16 noyabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında  (ETL) “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADU Multikulturalizm ETL-nın, Tələbə Gənclər Təşkilatının üzvləri, tələbələr iştirak ediblər.

Dəyirmi masanın moderatoru ADU Multikulturalizm ETL-nın elmi işçisi, t.ü.f.d.Əli Fərhadov olub. Əli Fərhadov multikulturalizmin əsasını təşkil edən tolerantlığın Azərbaycanda həyat fəlsəfəsi olduğunu qeyd edib. O, daha sonra “Azərbaycanda tolerantlıq: tarixi baxış” mövzusunda məruzə oxuyub.

Çıxışçı Azərbaycanın tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin vətəni olduğu, orta əsrlərdə islam və digər din mənsublarının qarşılıqlı hörmət içində yaşaması haqda məlumat verib. Azərbaycan şairlərinin, sufizm və hürufilik mənsublarının tolerantlığa əsaslanan yaradıcılığı, XIX-XX əsrin əvvəllərində yaşamış Azərbaycan mütəfəkkirlərinin islam həmrəyliyinə və tolerantlığa əsaslanan fikirləri və əsərləri haqqında ətraflı çıxış edib.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fil.ü.f.d.  Billurə Aslanova “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyəti haqqında” məruzəsi ilə çıxış edib. BBMM-nin 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən yaradılmasını və bu qurumun həyata keçirdiyi fəaliyyətlər haqqında geniş danışıb. B. Həsənova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişi haqqında məlumat verib. Sonra ADU Multikulturalizm ETL-nın kiçik elmi işçisi Turan Kərimli “Tolerantlığın vətəni Azərbaycan” mövzusunda çıxış edib. O, slayd təqdim edərək Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində dini məbədlərin bərpası və tolerantlıq sahəsində oynadığı roldan geniş bəhs edib.

ADU Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi, II kurs tələbəsi Nigar Məmmədli isə 2008-ci ildən bəri davam edən Bakı Prosesi və bu istiqamətdə reallaşan beynəlxalq tədbirlər, Mədəniyyətlərarası Dialoq Forumları, Bakı Beynəlxalq Humanitar Forumları haqqında danışıb.

Tədbirin sonunda iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.