XƏBƏRLƏR

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində tədbir keçirilib

16 noyabr, 2018

Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində Xarici Təhsilli Əməkdaşlar Birliyinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Tədbir “Xaricdə təhsil mənə nə verdi?” mövzusuna həsr edilib. Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova rəhbərlik etdiyi qurumun bu il öz işini əsasən tələbələrlə quracağını iştirakçıların nəzərinə çatdırıb. Xaricdə təhsil dövlət əhəmiyyətli strateji və həssas məsələ olduğundan tələbələri xaricə göndərməzdən əvvəl onlarla ətraflı iş aparılmasının əhəmiyyətindən danışıb: “Universitetimizin geniş beynəlxalq əlaqələri onu ölkəmizin digər tədris ocaqlarından fərqləndirir, tələbə və müəllimlərimiz qarşısında geniş imkanlar açır.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin ingilis dilinin tərcüməsi ilə məşğul olan bir qrup tələbəmiz Erasmus+ proqramı çərçivəsində Ankaranın Hacəttəpə universitetində, koreya və ispan dillərinin tərcüməsi ilə məşğul olan tələbəmiz digər dövlət proqramları ilə Cənubi Koreyada və İspaniyada 6 aylıq təhsil alıblar.

Təhsil aldıqları ölkələrdə ölkəmizi, universitetimizi layiqincə təmsil edən tələbələrimiz öz biliklərini, təcrübələrini tələbə və müəllim heyəti ilə həvəslə bölüşüblər. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının yetirmələri olan Humay Hüseynova, Firuzə Məmmədova, Jalə Rzayeva, Xəyalə Bayandurova, Sara Mirzəyeva xaricdə təhsilin onların həyatında mühüm rol oynadığını, yeni bir səhifə açdığını qeyd ediblər. Xaricdə təhsil hər şeydən əvvəl tələbələrimizə müqayisə etmək imkanı verib. Başqa mədəniyyətlə təmas özünü, aid olduğu mədəniyyəti müqayisədə daha dolğun dərk etməyə, anlamağa, yeni dostlar qazanmağa, təhsilimizə yeni baxış, yeni yanaşma tərzi əldə etməyə yardım edir”.

Cənubi Koreyada təhsil alan tələbələr Ləman Həsənova, Səbinə Abbaszadə, Aytac Xanvəliyeva Koreyada tələbələrin tədrisə çox ciddi yanaşdıqlarını, öz üzərlərində daha çox çalışdıqlarını, universitetin çox zəngin kitabxanasını və  kitabxananın günün 24 saatı fəaliyyət göstərdiyini iştirakçıların nəzərinə çatdırıb. Bütün gecəni kitabxanada işləyib səhəri orada açan tələbə Koreya üçün adi mənzərədir.

İspaniyanın Mursiya şəhərində təhsil almış tələbələr Əmiraslanova Səbuhə, Əskərova Ayşə tələbələrin asudə vaxtını çox səmərəli keçirdiklərini, imtahanların, tapşırıqların, dərsdə iştirakın elektron vasitəsilə həyata keçirildiyindən danışıb, lakin qeyd ediblər ki, bizim tələbələrin səviyyəsi heç də ispan tələbələrdən geri qalmayıb, sadəcə onların üstünlüyü texniki avadanlıq baxımından daha yaxşı təmin olunmaqlarındadır.

Tədbirin sonunda tələbələrimiz  xaricdə təhsilin onlarda azərbaycançılıq hisslərinin daha da artırılmasına yardım etdiklərini xüsusilə vurğulayıb və iştirakçıları maraqlandıran suallara cavab verib, geniş müzakirələr aparıblar.

Yekunda xaricdə təhsil alan tələbələrin iştirakı ilə Xarici Təhsilli Əməkdaşlar Birliyinin nəzdində klub yaratmaq təklif olunub.