XƏBƏRLƏR

Zərifə Əlizadə: “Azərbaycan dilinin Serbiyada tədris olunması fəaliyyətimizin daha yüksək səviyyəyə çatmasıdır”

08 noyabr, 2018

Zəngin mədəniyyəti ilə öyünən ölkələrin tarixinə nəzər salsaq onların uzun bir  inkişaf mərhələsi keçdiyinin şahidi olarıq. Yurdumuz Azərbaycan da həmin ölkələrdəndir ki, qədim tarixi, zəngin mədəniyyəti, multikultural dəyərləri ilə hər zaman özünəməxsus yer tutub. Zəngin mədəniyyətimizi və özümüzə xas olan dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaq isə bizim üzərimizə düşən əsas vəzifələrdəndir. Bu missiyanı həyata keçirən həmvətənlərimizdən biri Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadədir. Zərifə Əlizadə Bakıda anadan olub, ancaq 1989-cu ildən Serbiyada yaşayır və işləyir.

Zərifə Əlizadə Serbiyada rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, mərkəz Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğ edilməsində əhəmiyyətli rol oynayır: “Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi 2010-cu ildə açılıb. Mən burada Novi Sad Universitetinin Musiqi Akademiyasının professoru olduğuma görə bizim Serbiyadakı səfirimiz Eldar Həsənovun təşəbbüsü ilə mərkəzin sədri seçildim. Bu illər ərzində bir çox layihələr həyata keçirmişik. Bütün bayramlarımızı, xalqımız üçün əlamətdar olan günləri burada həmişə qeyd edirik. Bundan başqa bu 8 il ərzində səfirliyimizin təşəbbüsü və dəstəyi ilə 17 kitab  serb dilinə tərcümə olunub. Bu tərcümə materialları sırasına həm Azərbaycan klassikləri, həm də müasir yazıçı və şairlərin əsərləri, ümummilli lider Heydər Əliyev və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bioqrafiyası, tarixçi Ziya Bünyadovun, filosof Səlahəddin Xəlilovun kitabları, akademik Kamal Abdullanın bir neçə hekayəsi daxildir. Səlahəddin Xəlilovun Aida İmanquliyevaya həsr olunmuş kitabı Belqrad Universitetində filologiya fakültəsində tədris planına salınıb. Eyni zamanda həmin fakültədə “Əli və Nino” romanı da  öyrənilir. Bu, sırf bizim mədəniyyət mərkəzinin işidir”.

Zərifə Əlizadə bildirib ki, cari ildə Belqrad Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və Mədəniyyəti mərkəzi açılıb. Bu mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir dövrdəki nailiyyətləri serbiyalı tələbələrə təqdim olunacaq. 2019-cu ilin fevral ayından orada Azərbaycan dilinin də tədris olunacağını deyən Z.Əlizadə bunu Serbiyadakı fəaliyyətlərinin daha yüksək səviyyəyə çatması kimi xarakterizə edib. O, əlavə edib ki, bu işlərdə Serbiyadakı səfirimiz Eldar Həsənovun və Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın çox böyük dəstək və köməyi olub. ADU-nun dosenti Lalə Məcidovanın Belqradda yaşadığı müddətdə prosesdə yaxından iştirak etdiyini vurğulayan Z.Əlizadə onun hazırda Dillər Universitetində Serb dili və Mədəniyyəti Mərkəzinin sədri olduğunu bildirib və bütün işləri paralel şəkildə həyata keçirdiklərini  sözlərinə əlavə edib.

Daha sonra o, Azərbaycan dilinin tədrisinə hazırlıq prosesi haqqında danışıb: “Azərbaycan Dillər Universitetində olarkən universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Aqşin Rüstəmov, Beynəlxalq əlaqələr Departamentinin müdiri Nigar Sultanova, Multikulturalizm elmi-təqdiqat laboratoriyasının müdiri İrina Kunina, professorlar Adil Babayev, Azad Məmmədovla görüşdüm. Bir saatdan artıq keçən görüş zamanı Azərbaycan dilinin tədris planı və materiallar təqdim edildi və fəaliyyət göstərməklə bağlı faydalı məlumlatlar, tövsiyələr səsləndirildi. Ona  görə də, universitet əməkdaşlarının köməyini xüsusi vurğulamaq istəyirəm”.

 “Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın olması yaxşı haldır”-deyən müsahibimiz Serbiya və Azərbaycanın multikulturalizminin oxşar cəhətlərinə də toxunub: “Serbiya da Azərbaycan kimi multikultural dövlətdir. Azərbaycanda çoxsaylı xalqların yaşadığı kimi Serbiyada da 20-dən artıq xalq yaşayır. Bu mənada bizim oxşarlığımız daha çoxdur. Həmçinin hər iki dövlətin oxşar problemləri mövcuddur. Serbiyada Kosova, Azərbaycanda isə Daglıq Qarabağ problemi mövcuddur. Burada bütün beynəlxalq icmalarda Azərbaycan və Serbiya bir-birinin mənafelərini qoruyurlar. Serbiyanın xristian, Azərbaycanın isə müsəlman ölkəsi olmasına baxmayaraq həyat tərzləri və mentalitetləri oxşardır. Biz keçən il “Azərbaycanda multkulturalizm” mövzusunda Belqradda konfrans keçirmişik, konfransda çox sanballı serb professor və alimlər iştirak edirdilər. Azərbaycanın multikulturalizm təcrübəsi, onun bu istiqamətdə atdığı addımlar Serbiyada da maraqla qarşılanır”.

Qeyd edək ki, akademik K.Abdullanın təşəbbüsü və səfir Eldar Həsənovun dəstəyi ilə 200 ildən çox tarixi olan Belqrad Universitetində 26 aprel 2018-ci ildə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Mərkəzin rəhbəri dosent Lalə Məcidova təyin olunub. Buna adekvat olaraq mayın 21-də Serbiya Respublikasının dövlət başçısının Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində Serb dili və Mədəniyyəti mərkəzinin açılışı olub. Lalə Məcidova iyuldan etibarən mərkəzə rəhbər təyin olunub. Hər iki mərkəz arasında əlaqələr mövcuddur və qarşıda böyük layihələrin keçirilməsi hədəflənir.

 

Cavid Qafulov,  Mətbuat xidmətinin əməkdaşı