XƏBƏRLƏR

Əsgər Zeynalov: “Müharibə şəraitini nəzərə alsaq, erməni dilinin öyrənilməsinə ciddi ehtiyac duyulur” – MÜSAHİBƏ

01 noyabr, 2018

Bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində erməni dilini tədris edən Hüseyn Əsgərovun tərtib etdiyi “Erməni dilinin qrammatikası” kitabı mövcud yaranmış boşluğu doldurmaq üçün mühüm əhəmiyyət kəsb edir. Kitabın ön sözünün müəllifi professor Əsgər Zeynalovla müsahibəni təqdim edirik.

 

- Əsgər müəllim, dərsliyin yazılması ideyası necə yaranıb?

- ADU-da 2011-ci ildən erməni dili fənni tədris olunur. Əvvəlcə Xarici dillər kafedrasının nəzdində erməni dili fənni tədris olunurdu. ADU-nun Elmi Şurasının 31 mart qərarı və ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə kafedra fəaliyyətə başlayandan sonra erməni dilinin üfüqləri genişləndi. Təkcə birinci kursda erməni dilinin dərs yükü 300 saata yaxındır. Erməni dili fənnini tədris edən kafedranın baş müəllimi Hüseyn Əsgərov dərsin gedişində bu boşluğu yaxşı görürdü. Hüseyn Əsgərovun yazdığı “Erməni dilinin qrammatikası” dərsliyi yaranmış bu boşluğu doldurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Kitab respublikamızda bu sahədə yazılmış ilk dərslikdir. Dərslik ADU-nun rektoru akademik Kamal Abdullanın şəxsi təşəbbüsü ilə çap olunub. Kitabı dəyərləndirən cəhətlərdən biri onun redaktorunun Türkiyənin Erciyəz Universitetinin erməni dili müəllimi Qafar Çaxmaqlının olmasıdır.

- Kitab kimlər üçün nəzərdə tutulub?

- Ən başlıcası Azərbaycan Dillər Universitetinin erməni dilini öyrənən tələbələri üçün. Ancaq bununla yanaşı bu dilin tədris olunduğu digər ali məktəblər, elmi-tədqiqat institutları və müstəqil surətdə bu dili öyrənmək istəyənlər istifadə edə bilərlər.

- Erməni dilini niyə öyrənməliyik?

- Hal-hazırda xüsusilə Ermənistanla müharibə şəraitini nəzərə alsaq, bu dilin

öyrənilməsinə ciddi ehtiyac duyulur. Nə qədər sahələrdə erməni dili üzrə mütəxəssis axtarılır. Kafedraya yüksək səviyyəli kadrlar üçün müraciətlər olunub.

- Qarşı tərəfin bu kitab haqqında fikirləri necə ola bilər?

Məncə, onların bu kitab haqqında fikirləri o qədər də yaxşı olmaz. Bu kitab öncə, erməni dili üzrə yaxşı kadrların hazırlanmasına xidmət edir. Bu isə onların heç də ürəyincə olmayacaq. Bəlkə də kimlərsə dərsliyin çapı, yaxud dilin öyrənilməsini bir az sevinclə qarşılaya bilər. Ancaq dilin nə məqsədlə öyrənildiyini dərindən bilənlər yaxşı qarşılamayacaq.

- Bu kitab vasitəsi ilə sərbəst şəkildə erməni dilini öyrənmək mümkündür?

Kitabın müəllifi Hüseyn Əsgərov öz ana dili ilə yanaşı erməni, rus və ingilis dillərini də çox gözəl bilir. “Erməni dilinin qrammatikası” kitabını hazırlayarkən bəzən o, erməni dilinin Azərbaycan dili ilə yanaşı ingilis dili ilə də müqayisələrini aparıb. Kitabda erməni dilinin fonetikası, morfologiyası, sintaksisi bu və ya digər dərəcədə əhatə olunub. Ancaq bu kitab vasitəsilə dilin sərbəst öyrənilməsi mümkün deyildir. Çünki dilin öyrənilməsi üçün qrammatik qaydaları yaxşı öyrənməklə yanaşı, eyni zamanda güclü söz ehtiyatın olmalı və geniş mətnlərdən istifadə etmək lazımdır.

- Qarşı ölkədə də Azərbaycan dilinin öyrənilməsi ilə bağlı kitabların çapı haqqında məlumatınız var?

- Bu barədə elə məlumatım yoxdur. 2001-ci ildə üç gün İrəvanda keçirilən beynəlxalq konfransda iştirak etdim. Bu barədə heç nəyə rast gəlmədim, heç bir söhbət də eşitmədim. Ancaq bəzi məlumatlara görə ermənilər hələ 1992-ci ildən İrəvan Dövlət Universitetində Azərbaycan dilini öyrənməyə başlayıblar. Mənə elə gəlir ki, onlar belə kitabları çoxdan nəşr etdiriblər. Azərbaycanlılardan erməni dilini bilən o qədər də çox deyildi. Ancaq ermənilərdən dilimizi bilənlər də çoxdur, ali məktəblərimizi bitirənlər də.