Ziqlinde Hartmann: “ADU-nun Germanistika İnstitutu ölkələr arasında böyük körpüdür”
Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmannla müsahibəni təqdim edirik.
- Bir neçə gün əvvəl Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunun tələbələri tərəfindən “Ürək nağılı” əsəri səhnələşdirilib. Tələbələrin işini necə dəyərləndirirsiniz?
- Çox şad oldum ki, tələbələr mənimlə birlikdə böyük həvəslə çalışdılar. Bu, o qədər də sadə deyildi. Çünki biz bu səhnələri orta əsr alman dilində hazırladıq. Ona görə də tamaşanı sinxron şəkildə təqdim etmək çox çətin idi. Tələbələr bunu böyük ruh yüksəkliyi və həvəslə etdilər.
-Tələbələr aktyor sənəti baxımından özlərini necə ifadə etdilər? Əlbəttə, biz onlardan peşəkar aktyor oyunu gözləyə bilmərik...
- Əlbəttə. Xarici dil öyrənəndə mahnıların öyrənilməsinin böyük əhəmiyyəti var. Mahnı ilə öyrədilən dil danışmaqla öyrədiləndən gözəl və asan olur. Buna görə tələbələrim üçün səhnəciklər yazmışam. Bu səhnələrə nəğmələr də əlavə olunub.
-Bu işlər gələcəkdə də davam edəcəkmi?
- Bizim yeni layihəmiz var. Bu, bir qədər fərqli işdir. Avstriyadan musiqiçi dəvət edəcəyik. Çox məşhur müğənnidir. Onun iştirakı ilə tələbələrimizə mahnılar öyrədəcəyik.
-Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı daha hansı planlarınız var?
- Planlar çoxdur və gələcəkdə onların hamısını həyata keçirəcəyik. Adam o vaxt bir işi görə bilir ki, fəaliyyətindən ruhlansın. Əlbəttə, burada fantaziya da lazımdır. Alman dili və mədəniyyəti orta əsrlərdə yaranıb. Alman ədəbiyyatının məşhur dövrləri Hötedən, Şillerdən ibarət deyil. Həm də ilkin orta əsrlərdəki nümunələrdən ibarətdir. Məsələn, məşhur “Tristian” romanı Gotfrid fon Ştrasburqun qələmindən çıxıb. “Parzival” romanı isə Volfram fon Eşenbaxın qələminin məhsuludur.Yaxud minnezanqlar da Almaniyada yaranıb. Və əlbəttə, “Nibelunqlar nəğməsi”ni xüsusən qeyd etmək istəyirəm. Bu, alman dilindən digər dillərə ən çox tərcümə olunan əsərdir. Hötenin “Faust”u yox, məhz “Nibelunqlar nəğməsi” daha çox dillərə tərcümə olunub. Bunu tələbələr də bilməlidirlər.
- Azərbaycan Dillər Universitetinin tələbələri alman dilini öyrənməyə böyük maraq göstərirlər. Onların dili mənimsəmək səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Bizim üç növ tələbəmiz var. Birinci-ikinci səviyyədə olan tələbələr demək olar, heç nə başa düşmürdülər. Amma bunlarla bərabər lirika onların çox xoşuna gəlirdi. Daha sonra onların səviyyəsi yüksəldi və onlar üçün yeni bir dünya açıldı. Həmin tələbələr şeirlə, poeziya ilə çox maraqlanırlar. Tələbələr eyni zamanda almandilli poeziyanı dərindən hiss edə bilirlər. İnsanlar Almaniya ilə maraqlanırlarsa, deməli, eyni zamanda filosoflar, şairlər və əlbəttə, alman sənayesi ilə də maraqlanırlar. Bu sırada Höte, Hermen Hesse, Haynrix Böl, Kafka və başqaları gəlir.
- Bu gün dünyada ingilis dili aparıcı dildir. Alman dilinin daha geniş yayılması üçün hansı addımlar atıla bilər?
- Demək olar ki, ingilis dili hazırda dünya dilidir. Ancaq alman mədəniyyətini dərindən mənimsəmək istəyənlər bu dili daha dərin səviyyədə öyrənməlidirlər. Onlar Almaniyaya səfər edir, alman dilini öyrənirlər. İndi xalqların miqrasiyası dövrüdür. Miqrasiya edən insanların çoxu da Almaniyaya can atır. Bizim ölkədə ingiliscə danışmırlar. Almaniyada məhz bizim dildə danışmaq lazım gəlir.
- Son olaraq hər hansı bir fikriniz varsa, məmnuniyyətlə dinləməyə hazıram...
- Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutu beynəlxalq Germanistika İnstitutları içində ən böyüyüdür. Çünki burada 70-dən çox germanist var. Bu, çox böyük potensialdır. ADU-nun Germanistika İnstitutu Azərbaycan və Almaniya arasında mədəni, elmi müstəvidə böyük körpüdür. Xaricdəki hər bir Germanistika İntitutu Almaniya və Avstriyaya körpü hesab olunur.