XƏBƏRLƏR

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları ADU-da olub

02 oktyabr, 2019

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb.  

Görüşdə Polşadan Polşa Yazıçılar Assosiyasının prezidenti Kşiştov Şatravski, Yunanıstandan Beynəlxalq poeziya festivalının rəhbəri Coukis Kristos, Çexiyadan İndiana Universitetinin professoru Bronislava Volkova, İspaniyadan pedaqoq, dilçi Raquel Lanseros, Hindistandan Çarlz Uolles Fondunun təqaüdçüsü Mamta Sagar, Uruqvaydan Latın Amerikası şairi Eduardo Espina, Rusiya Federasiyasından Boris Yevseyev, Lyudmila Viazmitinova, Andrey Tsukanov, İrina Makarova iştirak edib.

ADU-nun rektoru Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, qonaqların ADU-da tələbələrlə görüşməyi seçdiklərini deyərək, bunun üçün təşəkkür edib. Qonaqların nüfuzlu şəxslər olduğunu bildirən ADU rektoru rus yazıçısı Boris Yevseyevin də həmin tərkibdə olduğunu diqqətə çatdırıb. O, B.Yevseyevin yalnız Rusiyada deyil, dünya üzrə tanınmış yazıçı, həmçinin Bunin mükafatı laureatı, Jurnalistika və bədii yaradıcılıq Universitetinin professoru, Rusiyanın PEN mərkəzinin vitse-prezidenti  olduğunu vurğulayıb. Kamal Abdulla B.Yevseyevə yazıçılarla görüşün təşkil edilməsinə görə təşəkkürünü bildirib.

Yazıçı Boris Yevseyev və digər qonaqlar universitetdə səmimi qəbula görə təşəkkür ediblər. Azərbaycan haqqında müsbət fikirlər səsləndirən qonaqlar festivalın keçirilməsini yüksək qiymətləndiriblər. Festivaldakı mövzuların əhəmiyyətindən danışan iştirakçılar Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir. Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş yerli xalqların dilləri ili proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.