XƏBƏRLƏR

Əməkdaşımızın əsərləri dünyanın diqqətindədir

03 oktyabr, 2019

"Azərbaycanşünaslıq" Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Soltan Soltanlı 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. O, uşaqlıqdan rəsm çəkməyə başlayıb. Yeniyetməlik çağlarında rəssam olmaq həvəsi onda daha da güclənir. Bu məqsədlə o, 1991-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gəlir və ora qəbul olunmaq istəyi baş tutmur. Bundan sonra kəndə qayıdan və orta təhsilini davam etdirən Soltan rəssamlığa daha da bağlanır, təbiətlə təmaslarını artırır, onu dərindən duymağa çalışır. 

Onun ədəbiyyata da böyük marağı vardı. Beləliklə, 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur, 1997-ci ildə oranı bitirir. 1997-2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. 

Soltan Bakıya gəldikdən sonra rəssamlıqla daha dərindən maraqlanır, sərgi salonlarına gedir, tanınmış rəssam və heykəltəraşların emalatxanalarında olur, onlar haqqında məqalələr yazır, daim öyrənməyə çalışırdı. Onun fikri qəti idi: universitet təhsilini yarımçıq qoyub rəssamlıq məktəbinə getmək! 

İndi artıq onun rəssamlıq haqqında yetərincə bilgisi vardı. O, rəssamların yaradıcılığı haqqında ümumiləşdirmələr aparır, əsərlərini özü üçün izah etməyə çalışırdı.

1995-ci ildə Soltan qəbul olmaq istədiyi keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır.

Beləliklə, Soltan öz üslubunu yaratmaq istəyirdi. Onun istədiyi rəssamlıq insan idrakının dərin qatlarından qaynaqlanan, daha çox fəlsəfi, düşündürücü, əbədi ideyaları əhatə edən, duyğusal, heyrətli rəssamlıq olmalı idi.

“Bəs necə fərqli olmaq?” sualı onu çox düşündürdü. Bu sualın cavabını tapmaq üçün o, geniş mütaliəyə başlayır, Azərbaycan rəssamlığını öyrənir, çatışmayan başlıca nöqtəni tapır: mövcud olduğu müddətdə Azərbaycan rəssamlığı düşüncədən, fəlsəfədən məhrum olub, fikrin dəqiq, aydın, fəlsəfi ifadəsi olmayıb. Böyük ənənəsi olan Azərbaycan ədəbiyyatı, muğamı daha fəlsəfidir. Demək, belə fəlsəfiliyi rəssamlıqda da yaratmaq olar. 

Rəssam anlayırdı ki, sənət gerçəkliyi əks etdirəndə gerçəkliyin özü kimi ötəri və ölümlü olur. Ona görə sənət əbədi mövzulara baş vurmalı, özünün əbədi qalmaq təminatını yaratmalıdır.

Soltanın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəkləridir. Bu əsərlərdə dərin məzmun qatları var. O, mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır, bunu özünün borcu sayır. Onun fikrincə, əsər rəssama – yaradıcıya aydın deyilsə, tamaşaçıya yerli-dibli aydın deyil. Bir sözlə, aydın düşüncəsi olmayan aydın əsər yarada bilməz! Gərək rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəksin ki, tamaşaçı onu dərk etməkdə çətinliyə düşməsin. 

Soltanın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam tamaşaçını aldatmaq istəmir, əsərlərilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyəti göstərməyə çalışır.

Soltanın fikrincə, tamaşaçı baxdığı əsəri anlamayanda özünü suçlu saymamalı, “ola bilsin mən başa düşmürəm” deməməlidir. Ona görə ki, dünyada hər şey dərk olunandır. Rəssamlıqda tamaşaçı üçün dərkedilməz əsər yoxdur, müəllifin idraki yetərsizliyindən yaranan əsər var.

Soltan həm də qrafik və karikaturaçıdır. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəssamın əsərləri beynəlxalq kataloqlarda yer alıb. Onun əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Soltan 20 ildir ölkəmizi beynəlxalq yarışma, festival və sərgilərdə ləyaqətlə təmsil edir. İndiyədək çoxlu  mükafatlar qazanıb, əsərləri beynəlxalq kataloqlarda yer alıb. Onun əsərləri Türkiyə, ABŞ, Koreya, Çin, Malayziya, İndoneziya, Braziliya, Serbiya, Yunanıstan, Almaniya, Misir, Makedoniya, Kolumbiya, İspaniya, bir sözlə, dünyanın 50-yə yaxın ölkəsində muzey və şəxsi kolleksiyalarda saxlanılır. Onun imzası ölkəmizdən çox-çox uzaqlarda doğma yurdumuzu ləyaqətlə təmsil edir, tanıdır.

Soltanın yaradıcılığı təkcə Azərbaycan rəssamlığı üçün deyil, həm də dünya rəssamlığı üçün yenidir. O, öz üslubunu yaradıb, üstəlik, onu cərəyan səviyyəsinə yüksəldib. Buna görə də hazırda rəssamın yaradıcılığı dünyanın diqqət mərkəzindədir.

Onun ölkəmizdə səkkiz fərdi yaradıcılıq sərgisi keçirilib, əsərlərindən ibarət dörd albomu çap olunub.