XƏBƏRLƏR

Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan tədbir keçirilib

03 oktyabr, 2018

Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Beynəlxalq Tərcüməçilər günü, dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb.

ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı dosent Bənövşə Məmmədova tədbirdə iştirak edib, baş redaktoru akademik Kamal Abdulla olan “Azərbaycan tərcümə ensiklopediyası” kitabından danışıb. O, bildirib ki, tərcümə işi özü də yaradıcılıqdır və çox vaxt tərcüməçilərə tərcümə etdikləri əsərin ikinci müəllifi kimi baxırlar: “Onların kimliyini ictimaiyyətə təqdim etmək özü də çox dəyərli işdir. Hansı ki, akademik Kamal Abdulla “Azərbaycan tərcümə ensiklopediyası” kitabını araya-ərsəyə gətirməklə bu işə öz imzasını atdı. On illik zəhmət hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir”.

B. Məmmədova əlavə edib ki, bütün dünyada ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu mənada “Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir:  “Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərindən bəhs edir. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. “Azərbaycan tərcümə ensiklopediyası” “tərcümə haqqında hər şey” prinsipi ilə tərtib edilib, yəni, o, tərcümə haqqında mövcud olan bütün biliklərin sistemləşdirildiyi kitabdır. Ensiklopediyada ayrı-ayrı tərcümə ədəbiyyatları da öz əksini tapıb. Burada Azərbaycan dilinə və dilimizdən tərcümə nümunələri, bədii, elmi, publisistik ədəbiyyatın tərcüməsi haqqında ətraflı məlumatlar verilib. Ensiklopediyada tərcümə işi ilə məşğul olan yazıçı və tərcüməçilərinin adları, fəaliyyət istiqamətləri aydın şəkildə verilib. Tərcümə ilə bağlı nə varsa hamısı bir vəsaitdə toplanaraq praktik şəkildə oxuculara təqdim olunur. Kitab bu sahənin adamları üçün nəinki stolüstü kitaba çevriləcək, hətta bu sahə üçün çox maraqlı hadisə kimi hələ neçə illər müzakirə mövzusu olacaq. Düşünürəm ki, ölkəmizdə özünəməxsus həyat tərzinə çevrilən multikulturalizmlə bağlı vəsaitlərin hazırlanması Kamal Abdullanın adı ilə bağlı idisə, indi bu sıraya tərcümə işi də əlavə olundu”, deyə - B. Məmmədova qeyd edib.