XƏBƏRLƏR

ADU rektoru Norveç Krallığının Müvəqqəti işlər vəkili ilə görüşüb

04 oktyabr, 2018

Norveçin müvəqqəti işlər vəkili: "ADU-da yüksək səviyyəli tələbələr hazırlanır".

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue ilə görüşüb.

Qonağı salamlayan akademik Kamal Abdulla Azərbaycanla-Norveç arasında sıx münasibətlərin olduğunu, ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, Olav-Nils Thuenin sayəsində bu əlaqələr daha güclənəcək.

ADU-da həyata keçirilən “Səfir saatı” klubu barəsində ətraflı məlumat verən rektor Müvəqqəti işlər vəkilini bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib. Kamal Abdulla ADU-da Skandinaviya mərkəzinin fəaliyyətindən danışıb və Norveç universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılmasını arzuladığını vurğulayıb.

Azərbaycandakı multikultural mühit haqqında danışan rektor vurğulayıb ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni bir çox ölkələrdə tədris olunur, bu fənnin Norveç universitetlərindən birində də tədrisi mümkündür.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edən  cənab Olav-Nils Thue ADU haqqında xoş sözlər eşitdiyini, ADU-da fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyəti haqqında məlumatlı olduğunu söyləyib.

Müvəqqəti işlər vəkili ADU-nun yüksək səviyyəli tələbələr hazırladığını vurğulayıb.

Cənab Olav-Nils Thue mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Görüşün sonunda qonağa “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının rus dilinə tərcümə olunmuş variantı hədiyyə edilib.

Görüşdən sonra cənab Olav-Nils Thuen ADU-da Skandinaviya mərkəzində görülən işlərlə tanış olub.