XƏBƏRLƏR

680 bal toplayan Həcər: “Azərbaycan Dillər Universitetinin tələbəsi olduğum üçün çox xoşbəxtəm”.

01 oktyabr, 2018

"Azərbaycan Dillər Universitetinin kollektivini çox sevdim. “Açıq qapı” günündə bütün suallarıma səbir və aramla cavab verildi. Doğru seçim etdiyimin bir daha fərqinə vardım".

Mən Həşimli Həcər Bəhram qızı 2001-ci il martın 21-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. 2003-cü ildə ailəmlə birlikdə Bakı şəhərində daimi olaraq yaşamağa başlamışam. İlk təhsilimi Bakı şəhəri, Xətai rayonu, R.Əliyev adına 254 nömrəli tam orta məktəbdə almışam və həmin məktəbin məzunu olmuşam. Ailədə 5 nəfərik. Valideynlərimin müəyyən səbəblərdən ali təhsili yoxdur. Lakin bizim təhsildə uğur qazanmağımız üçün əllərindən gələni əsirgəməyiblər. Biz də - bacım və mən onların əziyyətinin yerdə qalmaması üçün çox çalışdıq. Bacım Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 3-cü kurs tələbəsidir. Qardaşım hazırda 4-cü sinifdə oxuyur. Orta məktəbdə seçilən şagirdlərdən olmuşam. Məktəbi fərqlənmə şəhadətnaməsi və attestatı ilə bitirmişəm. 10-cu sinfə qədər heç bir hazırlıq kursu və ya fərdi müəllim yanında hazırlaşmamışam. 10-cu sinifdən etibarən 2 il müddətində “Hədəf kursları”nda 3-cü qrup üzrə bakalavriat səviyyəsinə qəbul üçün hazırlaşmışam. Bu 2 il mənim üçün heç də asan olmadı. Amma əziyyətin sonda yaxşı nəticə ilə bitəcəyini düşündüyüm üçün bu çətinlikləri həmişə gözardı etdim.

2006-2018-ci illər arasında ən böyük arzum hüquqşünas olmaq idi. Nəyə görə? Səbəbi sadə idi: bir serialda gördüyüm obrazdan ilham alırdım. Lakin 11-ci sinfin ortalarında fikrim dəyişdi. Artıq ən böyük arzum tərcüməçi olmaq idi. Bu da səbəbsiz deyildi. Əvvəla, hər hansı bir xarici dili dərindən öyrənmək istəyirdim. İkincisi, kursdakı ingilis dili müəllimimin də böyük təsiri oldu. Bundan sonra bütün fikrim və istəyim tərcüməçi olmaq oldu. 13 mayda keçirilən yaz imtahanında 651 bal topladım. Lakin bu, məni və müəllimlərimi qane etmədi. Növbəti yay imtahanı üçün yenidən hazırlaşdım. Həyatımın bəlkə də ən sıxıcı və darıxdırıcı "2 ay"ı oldu. Əslində, 651 bal Tərcümə fakültəsi üçün kifayət edirdi. Amma nədənsə mənim məqsədim hüquqşünaslıq fakültəsinin keçid balını toplamaq idi. Məqsədimə çatdım. 26 iyul yay imtahanında 680 bal topladım. Nəticə olaraq, ixtisas seçimi zamanı ilk yazdığım fakültə “Tərcümə və mədəniyyətşünaslıq” oldu və  Azərbaycan Dillər Universitetinin İngilis dili ixtisası üzrə qəbul oldum. Bunun üçün çox xoşbəxtəm. Doğru seçim etdiyimi düşünürəm. Məncə, hər kəs istədiyi peşəni seçsə, həmin sahə üzrə ən yaxşılarından ola bilər. Ümid edirəm, mən də bu sahədə böyük uğurlara nail olacağam.

Azərbaycan Dillər Universitetinin kollektivini çox sevdim. “Açıq qapı” günündə bütün suallarıma səbir və aramla cavab verildi. Doğru seçim etdiyimin bir daha fərqinə vardım. Müəllim kollektivini xüsusilə sevdim. Tələbkar və savadlı müəllimlərlə qarşılaşdığım üçün çox şanslıyam. Tələbələrə verilən imkanlar çox genişdir və bundan rahatlıqla yararlana bilirik. Planlarım böyük olduğu üçün təhsilimin keyfiyyətinə də çox önəm verirəm.