XƏBƏRLƏR

I kurs tələbələrinin aldıqları kitabların ödənişini ADU edəcək

21 sentyabr, 2018

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ADU-nun bаkаlаvriat pilləsinin I kursuna qəbul olmuş Təhsil fakültəsinin tələbələri ilə görüşüb.

Rektor ADU-nun 2018/2019-cu tədris ili üçün nəzərdə tutulmuş plan yerlərinə qəbulun əvvəlki illərə nisbətən yüksək olmasından söz açıb. Qeyd edib ki, 289 nəfər 501-600, 296 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 1432 abituriyent Azərbaycan Dillər Universitetinin bakalavriat, 242 tələbə isə magistratura pilləsinə qəbul olub.

Görüşdə Kamal Abdulla maraqlı təşəbbüslə çıxış edib. Rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən alqışlarla qarşılanıb.