XƏBƏRLƏR

ADU-da “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib

20 fevral, 2018
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Professor əlavə edib ki, Xalq Cümhuriyyətinin yaranması bütün Şərqə sübut etdi ki, xalq əsarətdə olmasa güclü inkişafa nail ola bilər. A.Babayev daha sonra AXC dövründə dil siyasəti və təhsil sahəsindəki islahatlar barədə danışıb, ana dilimiz haqqında verilən qərarlar və onların əhəmiyyətindən söz açıb. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, f.f.d. Elçin İbrahimov bildirib ki, AXC 23 aylıq hakimiyyəti dövründə bir çox ciddi qərarlar qəbul edib ki, bunlara nümunə olaraq Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsi, Darülfunun (Bakı Universitetinin) açılmasını göstərmək olar. O, eyni zamanda AXC dövründə qəbul olunmuş “Son türk əlifbası” və türk dünyasındakı əlifba proseslərindən danışıb. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov AXC-nin əlifba islahatından söz açıb. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda ərəb əlifbasından imtinaya ən çox etiraz edən tatar və qazax türkoloqları olub. Onlar, fikirlərini belə əsaslandırıblar ki, Osmanlı və Azərbaycan türkçəsini Türküstan türkləri başa düşmür. Daha sonra M.Rəsulzadənin ərəb əlifbasından imtina etməyə qarşı çıxmasına aydınlıq gətirən M.İmanov qeyd edib ki, yazılı ədəbiyyatımızın 9 əsrə yaxın ərəb qrafikasında yazılması baxımından bu əlifbadan imtina etmək doğrudan da məqsədə uyğun deyil. Digər çıxışçılar Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zaman kəsiyində apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.