XƏBƏRLƏR

Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

23 aprel, 2018

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda  bölmə iclasları keçirilib.

Aprelin 22-də Çinin Huzhou Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.

İclasda Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti, Huzhou Universitetinin professor-müəllim və tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak edib.

Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin və Azərbaycan Dillər Universtitetinin  rektoru akademik Kamal Abdullayevin təbrik və təşəkkür məktubu oxunub.

Açılışı nitqi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib və bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstrən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək yolu” adlı məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru professor Yan Denke "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq" adlı məruzə ilə çıxış edib. Bildirib ki, tarixi “İpək yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır.

Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasi xətdən danışan professor ölkəmizin Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olduğunu diqqətə çatdırıb.

Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı kitab təqdim olunub.