XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransın bağlanış mərasimi keçirilib

19 may, 2018

Mayın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransın bağlanış mərasimi keçirilib.

Tədbirdə bölmə iclaslarının moderatorları yekun hesabat veriblər. Dosent Ədalət Abdiyeva dosent Sevdagül Əliyevanın moderatoru olduğu “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” bölməsinin I iclasında 31 nəfərin iştirak etdiyini, 40 məruzənin dinlənildiyini, 26 sertifikat və 5 təşəkkürnamənin verildiyini, özünün moderatoru olduğu II iclasında isə 35 nəfərin iştirak etdiyini, 41 məruzənin dinlənildiyini, 32 sertifikat və 5 təşəkkürnamə verildiyini bildirib. Dosent Bəhman Əliyev “Azərbaycan tarixi və mədəniyyəti” bölmə iclasında 20 nəfərin iştirak etdiyini, 26 məruzənin dinlənildiyini, 9 sertifikat və 2 təşəkkürnamənin verildiyini, dosent Vidadi Bəşirov  “Pedaqoqika və psixologiya” bölmə iclasında 16 nəfərin iştirak etdiyini, 18 məruzənin dinlənildiyini, 16 sertifikatın verildiyini, professor Arif Hüseynov “Dil və ədəbiyyat” bölmənin 9 iclasında 195 məruzənin dinlənildiyini, 159 sertifikatın, 36 təşəkkürnamənin  verildiyini dosent İrina Kunina “Multikulturalizm və tolerantlıq ideologiyası” bölmə iclasında  12 nəfərin iştirak etdiyini, 16 məruzənin dinlənildiyini, 7 sertifikat və 5 təşəkkürnamənin verildiyini bildiriblər.

Moderatorlar bölmə iclaslarında ADU tələbələri və məktəb şagirdləri ilə yanaşı, ölkənin digər universitetlərinin tələbələrinin də iştirak etdiyini qeyd ediblər.

Tədbirdə konfransın iki günlük işini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Dillər Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev qısa zaman çərçivəsində böyük işlər görüldüyünü qeyd edib: “Həm təşkilatçılar, həm iştirakçıların həddən artıq böyük zəhmət çəkdiklərinin şahidi oldum. Konfransın uğurla başa çatmasında məktəb direktorları, müəllimlərinin, həmçinin bizim universitetin pedaqoji heyətinin böyük rolu oldu.”. Azərbaycanın bölgələrindən gəlmiş qonaqları təbrik edən rektor konfransın onların yaddaşında əbədi qalacaq hadisə olduğuna əminliyini ifadə edib: “Ümid edirəm ki, universitetlə tanışlıq şagirdlərin təsəvvürlərini genişləndirib və bu iki gün onların yaddaşında xoş bir xatirə kimi qalacaq”. Rektorluq fəaliyyətinə başladığı ilk illəri xatırlayan akademik K.Abdulla o zamanlar Ulu öndər Heydər Əliyevin söylədiyi sözləri diqqətə çatdırıb: “Heç yadımdan çıxmaz. 2001-ci ildə rektor vəzifəsinə yeni təyin olunmuşdum. Ulu öndərin yeni qəbul olunmuş tələbələrlə görüşü keçirilirdi. Təbii ki, rektorlar da o görüşdə iştirak edirdi. Ulu öndər üzünü rektorlara tutub dedi: “Bu uşaqlar mənim sizə əmanətimdir”. Bu sözlər indiyə kimi mənim yadımdan çıxmır ki, bizim gənclərimiz, tələbələrimiz bizə əmanət olaraq verilibdir. Bizim şagirdlərimiz bizim mətkəblərimizə, universitetlərimizə əmanətdir. Bu əmanəti qorumaq bizim müqəddəs borcumuzdur”. Rektor tələbə və şagirdlərinin birlikdə konfrans keçirməsinin mənasının simvolik olmaqla yanaşı, maarifçilik perspektivlərinə yol açdığını da dilə gətirib: “Əlbəttə ki, bu konfransın ən böyük uğuru belə birliyin əldə olunması idi”. K.Abdulla konfransın davamında çatışmayan cəhətlərin gələcəkdə peşəkarlaşaraq aradan götürüləcəyinə əminliyini ifadə edib: “Bölmə rəhbərlərinin hesabatlarından da görünür ki, həqiqətən çox ciddi proses baş verib. Şagirdlər də, tələbələr də düşüncələrini ortaya qoyduqları tezislərini, məruzələrini müdafiə edə biliblər, yaxşı müzakirələr olub”.

Sonra rektor Kamal Abdulla universitet adından məcburi köçkün məktəblərinin hər birinə kompyuter, Tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev isə məktəb şagirdlərinə universitetin xüsusi hədiyyələrini təqdim ediblər.

Daha sonra Cocuqmərcanlı kənd tam orta məktəbi, Ağdam 1 nömrəli tam orta məktəbi, Ağdam rayon 47 nömrəli tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəbinin direktor və şagirdləri ADU-nun rektoru akademika Kamal Abdulla başda olmaqla, təşkilatçılara göstərdikləri diqqət, qayğı, xoş münasibətə və yaratdıqları şəraitə görə təşəkkürlərini bildiriblər.

Sonda Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin şagirdləri “Azərbaycan bayrağı” şeirini söyləyib və səhnəyə Azərbaycan bayrağı gətirilib.