XƏBƏRLƏR

ADU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib

29 may, 2018

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

Konfransda Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabatla çıxış edib. O, ADU tələbələrinin Bakı şəhərinin 64 məktəbi, Binəqədi rayonunda yerləşən məcburi köçkün 1 saylı Zəngilan məktəbi, ümumilikdə 8 bölgə məktəbi olmaqla, 5 məcburi köçkün məktəbi və 3 kənd məktəbi, Gəncədə 1 saylı Kəlbəcər məktəbi, Bərdədə 1 saylı Ağdam məktəbi, Mingeçvirdə 47 saylı Ağdam məktəbi, Ağcabədidə Xocavənd rayonu 1 saylı Xocavənd kənd məktəbi, Qəbələdə Nic qəsəbəsi 3 saylı məktəb və Şamaxıda Qızmeydan kənd məktəbində pedaqoji təcrübə keçdiklərini bildirib. M.İsmayılov tələbələrin, həmçinin Bakıdakı 40 təşkilat, şirkət, dövlət qurumları və İsmayıllı rayonu İcra Hakimiyyətində istehsalat təcrübəsində olduqlarını qeyd edib. O, təcrübəçilərin təcrübə müddətində göstərdikləri fəaliyyət, təşkil etdikləri Xocalı soyqırımına həsr olunmuş, universitetin tanıdılması istiqamətində keçirilən tədbirlər, Azərbaycan Xalq Cümhuriyyəti və azərbaycançılıq mövzularında dəyirmi masalar, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulrualizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatının keçirilməsi haqqında danışıb. M.İsmayılov gələcəkdə təcrübə prosesinin  təkmilləşdirilməsi üçün qiymətləndirmə sorğusunun keçirildiyini söyləyərək bəzi təklifləri iştirakçıların diqqətinə çatdırıb. M.İsmayılov universitetin ünvanına göndərilmiş təşəkkür məktublarını oxuyub.

Təcrübə müddətində məcburi köçkün bölgə məktəblərində gedən prosesi özündə əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Kamal Abdulla ekranda nümayiş olunan görüntülərə baxarkən qəhərləndiyini söyləyib: “İnsanı kövrəldən, insanı bu günə və gələcəyə inandıran səhnələrlə üzləşdik. Bu, çox vacib və faydalıdır. Eyni dərəcədə çox şərəfli işin öhdəsindən gələn müəllimlərimizə, tələbələrimizə eşq olsun! Bu prosesdə ən vacib şərt səmimiyyətdir. Bizim tələbələr özlərindən xəbərsiz bir-biri, müəllimləri ilə, məktəbdən kənar münasibətlərini qururdu. Sinif otağındakı balaca uşaqların gözündəki işığı, marağı gördükdə insan qəhərlənməyə bilmir. Tələbələrin məktəbdən uzaqlaşmamaq arzusunu çox gözəl başa düşürəm”. O, bu layihənin yalnız pedaqoji təcrübə deyil, həmçinin hamı üçün həyat təcrübəsi olduğunu söyləyib: “Biz burada hadisələrə nəzarət edirdik, gedişatı izləyirdik və onlara müəyyən düzəlişlər verməyə çalışırdıq. Bizim üçün də həyat dərsi idi, universitet üçün də bütövlükdə imtahan idi. O məktəblərə gedən və getməyən müəllimlər üçün də imtahan oldu. Sevinirəm ki, biz hamımız bu imtahandan şərəflə çıxa bildik. Universitet ən vacib şərtlərdən birini özü üçün kəşf etdi. Tələbəsi, müəllimi, kafedra müdiri, dekanı və rektorundan asılı olmadan bir yumruq kimi birləşmək şansını əldə etdi, inanıram ki, bu şansı bir daha əldən buraxmayacaq”. Rektor məhz ADU-nun tələblərinin bu məktəblərə getməsinin son dərəcə vacib və gələcək perspektivlərə istiqamətlənmiş amil olduğunu deyib: “Ona görə ki, qaçqın və məcburi köçkün məktəblərinin şagirdləri böyüdükdən sonra ən yüksək səviyyədə, ən yüksək tribunalardan öz vətənlərini, öz kəndlərini, obalarını, evlərinin başına gələn müsibətləri danışmaq, dünyaya yaymaq məcburiyyətində qalacaqlar. Onların xarici dil vərdişlərini indidən doğru, düzgün müəyyənləşdirmək onların gələcək fəaliyyəti üçün son dərəcə vacib nöqtədir. Ona görə də məhz bizim universitetin xarici dil müəllimlərinin bu bölgələrdə iştirakı çox vacibdir”. K.Abdulla bu məktəblərlə əlaqələrin qurulmasının vacibliyindən danışıb: “Xınalıq, Nic kəndinin uşaqları ilə görüşlər də, Azərbaycanın bütövlüyü naminə bizim verdiyimiz mücadilədə Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu gün qəti və inamlı addımlarla irəliləməsində o kəndlər və mətkəblərlə əlaqələrin qurulması və gələcəkdə davam etdirilməsi son dərəcə vacibdir. Mən bizim həmin bölgələrdə çalışan tələbələrimizə bir daha təşəkkür etmək istəyirəm ki, siz öz çalışqanlığınızla, zəhmətinizlə, qeyrətinizlə bu münasibətlərin dərinləşməsinə xidmət etdiniz”. Ölkənin mərkəzi və ucqarı arasında fərqin olmamasının özünə hörmət edən ölkə və cəmiyyətin ən böyük missiyası olduğunu deyən rektor Kamal Abdulla bu fərqin aradan götürülməsi istiqamətində görülən hər bir işin vətəndaş üçün şərəfli olduğunu bildirib: “Əgər biz bu gün ölkənin mərkəzindən ucqarına gedib orada yaşayanlara mərkəzdə yaşayanlarla eyni layihədə iştirak etmək şansı veririksə, onlara mərkəz və ucqar münasibətlərinin həlimliyini, doğmalığını bir daha nümayiş etdiririksə, bu, faktiki olaraq, bizim vətəndaş kimi ancaq qələbəmizdir”. O, ADU tələbələrinin böyük məktəbdən keçdiklərini söyləyib: “Universitetdə dörd il ərzində aldığınız biliklərlə yanaşı, bir ay ərzində məktəblərdə aldığınız həyat biliyi, insani biliklər, psixoloji, pedaqoji vərdişlər qazandınız. Bunlar sizin üçün son dərəcə vacib və əhəmiyyətli olacaqdır. Siz bu gün fəxr edə bilərsiniz ki, özünüz öz qarşınızda ölkəmizin gənc vətəndaşı kimi qoyduğunuz tələbi, məsuliyyəti hiss etdiniz və bu şərəfli işin öhdəsindən gəldiniz. Siz fəxr edə bilərsiniz ki, ailənizin ümidini doğrultdunuz və onlar da bu gün şərəflə, fəxrlə hər yerdə deyə bilərlər ki, mənim övladım Azərbaycanın ən ucqar kəndinin müəllimi olmuşdur. Bu, sizin bioqrafiyanıza ömürlük yazıldı. Siz həmin məktəblərin ömürlük müəllimlər siyahısına düşdünüz. Siz universitet qarşısında fəxrlə durub deyə bilərsiniz ki, biz borcumuzu yerinə yetirdik. Siz, nəhayət xalqınız qarşısında vətəndaş kimi yerinə yetirməli olduğunuz borcunuzun bir hissəsini artıq yerinə yetirmiş sayıla bilərsiniz”. Bu prosesin təşkilinin asan başa gəlmədiyini deyən rektor birlikdə bütün çətinlikləri dəf etməyin mümkün olduğunu söyləyib. Kamal Abdulla təcrübə prosesində iştirak edən müəllimlərə təşəkkür edib: “Mən bizim müəllimlərimizə, kafedra müdirlərimizə təşəkkür etmək istəyirəm. Təkcə tələbələrlə birlikdə rayonlara gedən müəllimlərə deyil, həmçinin onların ziyarətinə gedən və əməyi keçən  bütün əməkdaşlara təşəkkütümü bildirmək istəyirəm. Konfutsi İnstitutu da bu prosesə qoşuldu və sizə dəstək oldu. Bildiyimə görə, tələbələr məktəblərdə Çinə aid viktorinalar keçirib və İnstitutun təşəbbüsü ilə şagirdlər mükafatlandırılıb. Bu da çox vacib məsələdir. Sizin onlara verdiyiniz kompyuterlər, mükafatlar sizi şagirdlərin yaddaşında həmişə saxlayacaq”.  Bu təcrübənin yalnız pedaqoji deyil. həmçinin siyasi, ictimai borcun dərk edilməsi təcrübəsi olduğunu deyən rektor bu təcrübədən ADU heyətinin üzü ağ, başı uca çıxdığını qeyd edib. Rektor bu ənənəni, təcrübə modelini universitet üçün qoruyub saxlanılmasına çalışılacağını bildirib: “Bu gün siz bizimləsiniz, bəziləriniz artıq müstəqil həyata atılırsınız, bəziləriniz universitetdə fəaliyyətinizi davam etdirəcəksiniz. Bizi də gələcəkdə kimlərsə əvəz edəcək. Amma mən arzu edərdim ki, bu layihə, bu dünyagörüşü, bu məsələlərə baxış bucağı ADU-nun həyatına əbədi daxil olsun. Çünki mən sizin gözünüzdəki işığı görəndə, üzünüzdəki bu sevinci hiss edəndə bu fantastik fikrə düşməyimizin çox yaxşı hal olduğunu düşünürəm. Biz bu işi axıra çatdırdıq. Bir daha sizə eşq olsun!”

Daha sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat veriblər, konfransda iştirak edən məktəb şagirdləri təəssüratlarını bölüşüb, həmçinin çıxışçılar layihənin həyata keçirilməsində yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.