ADU-da “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib
Mayın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Zərərli vərdişlərin profilaktikası” mövzusunda “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.
Tədbirdə Sədaqət Musayeva tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından bəhs edib. O, bildirib ki, dünyada ölüm səbəbləri arasında tütün ikinci yerdədir, ictimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldıra bilər.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov deyib ki, müntəzəm şəkildə siqaret çəkən insanlarda ağciyər xərçəngi başda olmaqla, nəfəs yollarının xroniki xəstəliklərinə, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. S.Hüseynov “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra qapalı məkanlarda tütün istifadəsinin məhdudlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim –metodist Lətafət Dadaşova “31 May Ümumdünya Tütünlə Mübarizə Günü və Ürək xəstəlikləri” mövzusunda təqdimatla çıxış edib. L.Dadaşova tütün aludəçiliyinin fəsadları, törətdiyi xəstəliklər, Azərbaycanda tütünlə mübarizə barədə ətraflı danışıb.
İnteraktiv şəkildə keçən tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.