Əməkdar elm xadimi Lidiya Mixaylovna Qranovskaya şəxsi kitablarının bir qismini ADU-ya hədiyyə edib
İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “История XIX века” və 65 cildlik “Большая Советская Энциклопедия” kitablarını ADU kitabxanasına hədiyyə edib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla L.M.Qranovskayanın gənclik illərində böyük həvəs və enerji ilə çalışdığının şahidi olduğunu söyləyib: “Lidiya Mixaylovna SSRİ dövründə müxtəlif elm mərkəzlərində, konfranslarda çıxışları ilə həm özünün elmi adını, həm də Azərbaycan elmini yüksəkliklərə qaldıran şəxsiyyət olub. Onun bir çox xarici ölkələrdə dəfələrlə məqalələri çap olunub. L.Mixaylovna ədəbiyytaşünaslığın çox maraqlı sahəsi ilə məşğul olur”. K.Abdulla prezident İlham Əliyevin onu yüksək elmi ada layiq görməsinin də təsadüfi olmadığını vurğulayıb: “Bu, onun zəhmətinə, əməyinə verilmiş ən yüksək qiymətdir”. Rektor K.Abdulla L.M.Qranovskayanın zəngin kitabxanası olduğunu və şəxsi kitabxanasına məxsus bu kitabları ADU-ya bağışladığını bildirib. Rektor K.Abdulla qonağa bu addımına görə təşəkkürünü bildirib və yüksək qiymətləndirib. K.Abdulla L.M.Qranovskayaya universitetin simvolik hədiyyələrini və özünün ideya müəllifi olduğu yenicə çapdan çıxmış “Azərbaycan tərcümə ensiklopediyası” kitabını təqdim edib.
L.M.Qranovskaya rektor Kamal Abdullaya göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib. Bunun başlanğıc olduğunu diqqətə çatdıran L.M.Qranovskaya tələbələrə həmişə kitabın lazım olacağını söyləyib. ADU-ya hədiyyə etdiyi nəşrlərin çox qiymətli olduğunu söyləyən L.M.Qranovskaya bu kitabların universitetin kitabxanasının bir hissəsi olacağından məmnun olduğunu bildirib.
Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, Rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Rusiyaşünaslıq Elmi tədqiqat laboratiyasının müdiri professor Məmməd Əliyev, tələbələrin adından isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahin Sərdarlı L.M.Qranovskayanın hədiyyə etdiyi kitabların ADU kitabxanası üçün çox dəyərli sərvət olduğunu qeyd ediblər.