XƏBƏRLƏR

Yaradıcılıq fakültəsinin tələbələri ilə görüş keçirilib

01 oktyabr, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Təhsil ocağının rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeyd edib ki, Yaradıcılıq fakültəsi ədəbiyyat, fəlsəfə və digər incəsənət sahələrinin daha dərindən mənimsənilməsi üçün tələbələrə yeni imkanlar yaradacaq. Rektorun sözlərinə görə, ədəbi prosesləri və ədəbi istiqamətləri yaxından izləmək, yeni ədəbi hadisələrin təhlilini aparmaq, yaradıcılıq imkanlarını artırmaq məhz ədəbiyyatla yaxından əlaqəsi olan və bu işlə ciddi şəkildə məşğul olanlar üçün ilkin və vacib şərtlərdəndir:

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hər bir ədəbi–bədii əsər ideya-məzmuna malik olur. Sənətkar  yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq, konkret obrazların vasitəsilə əks etdirir. Ədəbi-bədii yaradıcılıqda mühüm rol oynayan təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyati reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, onlar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə, özünün ideyasına uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir, yenidən işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər.”    

K. Abdulla tələbələrə bilik və bacarıqlarından düzgün şəkildə istifadə etmək və dünyagörüşlərinin zənginləşməsi üçün çoxlu mütaliə etməyin vacibliyindən də danışıb:

“Kitabın cəmiyyət üçün faydası böyükdür. Bu faydanı biz gündəlik həyatımızda, işimizdə görürük. Ona görə də ədəbiyyat adamı olmaq istəyən hər kəs çoxlu kitab oxumalıdır. Davamlı şəkildə, sistemli şəkildə oxumaq həm doğru, həm də asan yoldur”.

Qədim Yunan mifologiyasından, ilkin dünyagörüşü formalarından, fəlsəfi qaynaqlardan söz açan rektor, tələbələrə bu mövzuda mühazirə oxuyub.  

Qeyd edək ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan və böyük marağa səbəb olan Yaradıcılıq fakültəsi qısa fasilədən sonra yenidən, daha təkmilləşmiş formada təşkil olunub.

Fakültədə dərslər həftədə 4 dəfə olmaqla 4 akademik saat təşkil edir. Tələbələrə xarici dil (ingilis, rus), Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, mədəniyyətşünaslıq, mifologiya, fəlsəfə və s. fənlər keçiləcək, eyni zamanda, yazmaq sənəti ilə bağlı ustad dərsləri, praktiki məşğələlər, tanınmış imza sahibləri ilə görüşlər, müxtəlif sənət mərkəzlərinə ekspedisiyalar təşkil ediləcək.