ADU-nun dosenti Şəlalə Bağırovanın monoqrafiyası çap olunub
Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın “Elm və təhsil” nəşriyyatında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə və himayədarlığın təşkili” adlı monoqrafiyası işıq üzü görüb.
Kitab ADU-nun Elmi Şurasının 27 fevral 2019-cu il tarixli iclasının (25 saylı protokol) qərarı ilə çap olunub. 152 səhifədən ibarət olan kitabın elmi redaktoru ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, tarix elmləri doktoru İbrahim Kazımbəylidir. Rəyçilər Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İskəndərov, ADU-nun Regionşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.
Monoqrafiyada AXC dövründə himayədarlıq və səhiyyənin təşkili, bu sahələrdə fəaliyyət göstərən rəsmi və qeyri-hökumət təşkilatlarının fəaliyyəti araşdırılıb. Himayədarlıq və Xalq Səhiyyəsi nazirliklərinin təşkili məsələləri ayrı-ayrılıqda nəzərdən keçirilib, bu nazirliklərə rəhbərlik etmiş dövlət xadimləri və yüksək rütbəli məmurlar haqqında məlumatlar gətirilib, onların gördüyü işlər araşdırılıb və bunlar faktiki məlumatlar, rəqəmlər, sənədlər gətirilməklə əsaslandırılıb. Kiçik qurum və qeyri-hökumət təşkilatlarının rolu və xidmətləri də kitabda yer alıb.