XƏBƏRLƏR

ADU ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

09 iyul, 2018

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bu universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.

Əldə olunmuş razılığa əsasən, 2018-2019-cu tədris ilində macar dili xarici dil kimi tədris olunacaq və müqavilənin yenilənəcəyi təqdirdə, 2019-2020-ci tədris ilindən etibarən qəbul planının yerinə yetirilməsindən asılı olaraq, macar dili və mədəniyyəti ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsində xarici dil kimi tədrisini davam etdirəcək. Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi ADU-nun Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisasının tələbələri üçün IV kursun VIII semestrində Macarıstanın Azərbaycanda, Macarıstanda və ya digər ölkələrdə yerləşən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün bütün lazımi səyləri göstərəcək. Azərbaycan Dillər Universiteti macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsində tədris üçün zəruri şəraiti olan otaqla (Macar Dili Mərkəzi), texniki infrastruktur və avadanlıqla təmin etməyi öz üzərinə götürüb. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi isə Macar Dili Mərkəzini müvafiq təlim və tədris resursları (kitablar, audio-vizual resurslar) ilə təmin olunmasını öz öhdəliyinə götürüb.