XƏBƏRLƏR

Filologiya və jurnalistika fakültəsində “Azərbaycan Tərcümə Ensiklopediyası”nın təqdimatı keçirilib

03 iyul, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsində “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanda tərcümə sahəsində yazılan ilk ensiklopedik toplu, mahiyyət etibarilə, nəzəri və praktik əhəmiyyətə malik olan “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimatında Filologiya və jurnalistika fakültəsinin əməkdaşları, professor-müəllim heyəti iştirak ediblər.

Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli qeyd edib ki, tərcüməçi yalnız mətni tərcümə etmir, o, tərcümə etdiyi dili daşıyan insanların mədəni və sosial mühitini, cəmiyyətini və müəllifin psixoloji yanaşmasını da oxucuya çatdırır. Bu baxımdan da, Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifliyi və xüsusi təşkilatçılığı ilə uzun illərin zəhmətinin bəhrəsi olan yenicə çapdan çıxmış “Azərbaycan Tərcümə Ensiklopediyası” çox mühüm əhəmiyyət kəsb edir.

ADU-nun Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının tərcümə sahəsində, o cümlədən tələbə və müəllim heyətinin elmi işlərində vacib rol oynayacağını vurğulayıb.

Sonra Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Əmralı Şirəliyev ensiklopediyanın ən vacib hissələrindən birinin "Azərbaycanda tərcümə ədəbiyyatı tarixi" bölməsi olduğunu vurğulayıb. Bildirib ki, bu bölmə Filologiya və Dil və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün  çox önəmli rol oynayacaq.

Ensiklopediya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş şəkildə müzakirə olunub.