XƏBƏRLƏR

ADU-nun professoru Akademiyaya üzv seçilib

13 aprel, 2018

İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru professor Fərman Zeynalov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına akademik üzv seçilib. ADU-nun professoruna akademik üzvlük diplomu və Akademiyanın mantiyası təqdim edilib.

F.Zeynalovun elmi araşdırmalarının nəticələrinin istər ölkəmizdə (Dil və real gerçəklik: sistem və struktur münasibətləri. Bakı, 1999), istərsə də xarici nəşrlərdə (A Great Azerbaijani Culture in the Light of Crystallography. ABŞ, Seattle, 1997 ; Universal properties of the human language in the light of natural phenomena. Kanada, 2016) çap olunması dilçilərin və filosofların marağına səbəb olub. Onun elmi istiqamətlərinin öz nəzəri əsası, çıxış nöqtəsi və özəllikləri vardır. Bu dilçi alimə görə dillərin quruluş müxtəlifliyinin əsasında, habelə dil-nitq vahidlərində baş verən hər növ fonetik-fonoloji dəyişmələrin əsasında kainatın (təbiətin) ritmi və onun ayrı-ayrı təbii-coğrafi ərazilərdə variativ səciyyəli olması faktı dayanır.

Professorun elmi araşdırmalarında ikinci yeni bir cəhət ondan ibarətdir ki, o, dilin sistem-struktur səciyyəsinin təbii obyektlərlə, xüsusilə oxşar quruluş prinsipi, funksiya, informasiya daşımaq, saxlamaq və ötürmək baxımından kristallar və genetik kodla izomorf və irsi münasibətlərə malik olduğunu elmi və əməli cəhətdən əsaslandırıb.

F.Zeynalov elmi axtarışlarında üçüncü yeni bir cəhət ondan ibarətdir ki, o, Azərbaycan dilçiliyində ilk dəfə olaraq Azərbaycan dili söyləmlərinin ritmik-melodik strukturu ilə Azərbaycan xalqının mədəniyyət və incəsənət nümunələrində (muğam, xalq mahnıları, xalça, palaz və s.) olan naxış və ritmik fiqurlar arasında struktur izomorfluğu aşkar edib.

O, doktorluq dissertasiyasının birinci opponenti Rusiya Federasiyasının əməkdar elm xadimi, fonetika və fonologiya üzrə tanınmış dilçi Y.A.Dubovski öz rəyində Fərman müəllimi “yeni bir nəzəriyyənin atası” adlandırıb. F.Zeynalov dillərin quruluş müxtəlifliyini izah etməyə yönəlmiş bir nəzəriyyə (helio-ritmik) və bir fonetik (fonogenetik) qanun irəli sürüb və onları elmi-nəzəri müstəvidə əsaslandırıb.

F.Zeynalov araşdırmalardan belə bir nəticəyə gəlir ki, dillərin ritmik-melodik, bütövlükdə prosodik-intonasiya strukturları linqvopaleontoloji baxımdan da vacib informasiya daşıyır. Belə ki, bu və ya digər mədəniyyət, incəsənət nümunələrinin hansı xalqa məxsus olduğunu dillərin fonoritmomelodik cizgiləri ilə müəyyənləşdirmək olar.

Bu alimə görə bir xalqa, millətə məxsus kulturoloji, paremioloji və s. özəlliklər koqnitiv və linqvistik müstəvidə tarixi inkişafda təhtəlşüur və təbii şəkildə onların dilinə yüklənərək kodlaşıb.