XƏBƏRLƏR

ADU-da “Diskriminasiya ümumbəşəri təhlükədir” adlı tədbir keçirilib

19 mart, 2018

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “İrqi ayrıseçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Günü”nə həsr olunan “Diskriminasiya ümumbəşəri təhlükədir” adlı tədbir keçirilib.

ADU-nun Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov dünyada məskunlaşan xalqlar və etnoslar arasında irqi ayrıseçkilik, etnik-dini dözümsüzlük və insan hüquqlarının kütləvi şəkildə pozulması hallarından bəhs edib. O, müasir dövrdə elmi və texniki inqilab sayəsində irqçiliyin aktuallığının itdiyini diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri - Yaqut Novruzova “Dünyada irqi ayrıseçkilik”, Günay Sadıqlı “Azərbaycanda irqi ayrıseçkilik və multikulturalizm”, Nərmin Mahmudzadə “İrqi ayrıseçkiliklə mübarizə aparma üsulları” adlı mühazirə oxuyublar.

TEC-in sədri Lamiə Muğalova 2005-ci ildə “Dünyanın Ən Yaxşı Şeiri” müsabiqəsinin qalibi olan, afrikalı zənci uşağın yazdığı “Sən indi mənə rənglimi deyirsən..?!” şeirini səsləndirib. O, irqçiliyin insanlarda mənəvi və psixoloji  zərbələr yaratdığını, diskriminasiyanın cəmiyyətin tolerantlıq mühitində yaşamalarına maneə olduğunu deyib.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekan müavini, dosent Əli Məmmədov TEC tərəfindən təşkil olunan tədbirləri təqdirəlayiq hesab etdiyini bildirib. O, elmi diskussiya şəklində keçirilən tədbirdə tələbələrin subyektiv fikirlərini səsləndirmələrini, mövzu ətrafında müzakirələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Tədbirdə irqi ayrıseçkiliyə həsr olunan videoçarx nümayiş olunub.